Heyvan haqları müdafiəçisi Elxan Mirzəyev iki ay müddətinə inzibati həbs cəzasına məhkum olunub. O, oktyabrın 1-də saxlanılıb, iki gün sonra isə Lerik Rayon Məhkəməsi onun barəsində qərar çıxarıb. Bu barədə “Azadlıq Radiosu”na fəalın ailəsi məlumat verib.
Məhkəmənin qərarına əsasən, Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (narkotik vasitələrin qanunsuz istifadəsi və ya az miqdarda saxlanması) ilə ittiham olunub. Lakin ailəsi onun ittihamı qəbul etmədiyini, özünü təqsirli saymadığını bildirib və apellyasiya şikayəti veriləcəyini açıqlayıb.
Elxan Mirzəyev oktyabrın 6-da vəkili və ailəsi ilə əlaqə saxlayaraq Lerik Rayon Polis Şöbəsində saxlandığı müddətdə zorakılığa məruz qalmadığını deyib. Ailəsi isə fəalın saxlanılmasından əvvəlki günlərdə onun taleyi barədə məlumat ala bilmədiklərini vurğulayıb.
Mirzəyev 10 ildən artıqdır ki, heyvan hüquqlarının müdafiəsi ilə məşğuldur. O və digər fəallar sahibsiz itlərin güllələnməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırmış, həmçinin itlərin saxlanıldığı yerlərdə işgəncələr barədə ictimaiyyətə açıqlamalar vermişdilər.
Bu fəaliyyətlərinə görə 2017-ci ildə Mirzəyev və həmkarları – Nicat İsmayılov, Aynur Babazadə və İlhamə Nəsirova barəsində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşlarının şikayəti əsasında məhkəmə hökmü çıxarılmışdı. Onlar böhtan və təhqirdə ittiham edilərək minlərlə manat məbləğində cərimələnmişdilər. Fəallar həmin məhkəmənin sifarişli olduğunu bildirmişdilər.