Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri günü və sonrasında paytaxt Tbilisidə etiraz aksiyaları baş verib. Etirazların gərginləşməsi fonunda polis beş nəfəri saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxvelidzenin açıqlamasına görə, saxlanılanlar arasında “Vahid Milli Hərəkat” partiyasının üzvləri – keçmiş baş prokuror Murtaz Zodelava və İrakli Nadiradze, “Strategiya Aqmaşenebeli” partiyasının baş katibi Paata Mandjqaladze, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş sədr müavini Laşa Beridze, həmçinin məşhur opera müğənnisi və “Rustaveli prospekti” adlı hərəkatın təsisçisi Paata Burçuladze var.
Onlara qarşı “konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsinə çağırış”, həmçinin “qrup halında zorakılığın təşkilinə və rəhbərliyinə” görə ittiham irəli sürülüb. Bu maddələr üzrə onları 9 ilədək həbs cəzası gözləyir.
Daxili işlər naziri Gela Geladze bildirib ki, həbslər davam edəcək. Gürcüstan Səhiyyə Nazirliyi isə etirazlarda altı nümayişçinin və 21 polisin xəsarət aldığını açıqlayıb.
Etirazlar zamanı aksiya iştirakçıları prezident sarayına daxil olmağa cəhd edib, sarayın hasarı dağıdılıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz, bibər spreyi və su şırnağından istifadə edib.
Gürcüstan Baş naziri İrakli Kobaxidze etirazçıların “hakimiyyəti devirməyə cəhd etdiyini” deyib və Avropa İttifaqını ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. O, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinskiyə xüsusi məsuliyyət yükləyib və onu etirazları pisləməyə çağırıb.
Bunun cavabında Aİ-nin ali diplomatı Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə üzvü Marta Kops bəyanatla çıxış edərək, “Aİ-nin Gürcüstandakı roluna dair dezinformasiyanı qətiyyətlə rədd etdiklərini” bildiriblər. Onlar həmçinin hakimiyyət və vətəndaş cəmiyyətini zorakılıqdan çəkinməyə çağırıblar.
Seçkilərdə ən iri müxalifət partiyaları – o cümlədən “Vahid Milli Hərəkat” prosesi boykot edib. Nəticədə, 3,7 milyon əhalisi olan ölkədə iqtidardakı “Gürcü Arzusu” partiyası bütün bələdiyyələrdə qələbə qazandığını açıqlayıb. MSK-nın məlumatına görə, partiya ümumi səsvermədə 81,7 faiz, Tbilisidə isə 70 faizdən çox səs toplayıb. Paytaxtın hazırkı meri Kaxa Kaladze də seçkilərdə 71,5 faiz səslə qalib gəlib.