“QHT işi” üzrə həbsdə saxlanılan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəməsi başlayıb. Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
“Azadlıq Radiosu”nun yazdığına görə, məhkəmədə Süleymanlının vəkili Elçin Sadıqov müvəkkilinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. O, bunun mütəmadi məsləhətləşmələr üçün vacib olduğunu bildirib. Məhkəmə vəsatəti təmin edib.
Bəşir Süleymanlı isə öz cinayət işinə tam xitam verilməsi barədə vəsatət qaldıraraq ittihamların əsassız olduğunu vurğulayıb:
“Mən heç bir cinayət törətməmişəm. ABŞ və Böyük Britaniyadan alınan vəsaitlər tam qanuni yolla, bank kartı hesabı vasitəsilə köçürülüb. Burada qeyri-qanuni heç nə yoxdur”.
Elçin Sadıqov da cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Alternativ olaraq, hökm çıxarılanadək Süleymanlının ev dustaqlığına buraxılmasını tələb edib. O, 2015-ci ildə keçirilmiş məhkəmə prosesini xatırladaraq qeyd edib ki, Süleymanlı həmin vaxt da azadlıqda olub və bütün iclaslarda iştirak edib.
Prokuror həm cinayət işinə xitam verilməsinə, həm də ev dustaqlığına etiraz edib. O bildirib ki, Bəşir Süleymanlı ağır cinayətdə ittiham olunur və bu mərhələdə həbs-qətimkan tədbirinin dəyişdirilməsi yolverilməzdir.
Hakim vəsatətləri təmin etməyib, iş məhkəmə baxışına verilib. Növbəti proses oktyabrın 23-nə təyin olunub.
Bəşir Süleymanlı martın 14-də “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay ilə birlikdə saxlanılıb. Həmin gün “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Xalid Ağəliyev sonradan sərbəst buraxılıb.
Martın 17-də Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki də həbs olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bu iş üzrə “Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində isə qiyabi həbs qərarı çıxarılıb və onlar axtarışa verilib. Bir sıra digər QHT üzvləri istintaq dövründə polis nəzarətinə buraxılıb.