Bəhruz Səmədovun “kars”a salındığı bildirilir

Bəhruz Səmədovun “kars”a salındığı bildirilir Foto: sosial media
21 Oktyabr 2025
Mətni dəyiş

Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”) salındığı bildirilir.

“Toplum TV” yazır ki, bu barədə oktyabrın 21-də onun nənəsi Zibeydə Osmanova ilə müəssisəyə gedən ictimai fəal Əmrah Təhməzov “Facebook” səhifəsində məlumat paylaşıb. 

Təhməzovun sözlərinə görə, Osmanovaya nəvəsi ilə görüş icazəsi verilməyib. Penitensiar Xidmətə və Ombudsman Aparatına zəng etdikdən sonra müəssisə rəisinin müavini onlara yaxınlaşaraq izahat verib. O, Bəhruz Səmədovun oktyabrın 25-dək “kars”da saxlanılacağını bildirib və buna görə görüşə icazə verilmədiyini deyib.

Əmrah Təhməzov qeyd edib ki, Bəhruzun “kars”a salınmasının səbəbini öyrənməyə çalışıb, lakin müəssisə rəhbərliyi bunu yalnız “daxili qaydaların pozulması” ilə izah edib:

“Dedim ki, ikimiz də bilirik, onu heç nədən salmısınız “kars”a. Heç nə demədi. Dedi, 25-i gələrsiz, görüş olar. Uzun mübahisədən sonra gətirdiyimiz azuqəni içəri keçirdə bildik”.

Oktyabrın 20-də məlum olub ki, Səmədov müəssisədə qapalı şəraitdə saxlanılır. Onun nənəsi Zibeydə Osmanova “Meydan TV”yə bildirib ki, rəhbərlik heç bir əsas göstərmədən nəvəsinin 1,5 ay qapalı kamerada qalacağını deyib.

“Bəhruzla danışdım, dedi ki, əslində iki həftə qalmalıyam, amma mənə ay yarım deyiblər. Otaqdan çıxmağa icazə yoxdur. Daha sonra Umbakı Penitensiar Kompleksinə göndərəcəklərini deyiblər,” – Osmanova nəvəsinin sözlərini çatdırıb.

O, Bəhruzun həyatından ciddi narahat olduğunu vurğulayıb. Onun sözlərinə görə, nəvəsi daha əvvəl iki dəfə intihara cəhd edib və yenidən bu addımı ata biləcəyindən qorxur.

Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

2025-ci il iyunun 23-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Səmədov özünü təqsirli saymır. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun