Azərbaycanda siyasi məhbusların sayı 392 nəfərə çatıb

Azərbaycanda siyasi məhbusların sayı 392 nəfərə çatıb
7 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 7-də “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi ölkədə siyasi məhbuslarla bağlı yeni hesabat açıqlayıb. Sənədə əsasən, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus var.

Hesabatda məhbuslar 12 kateqoriya üzrə təsnif olunub. Onların sırasında 31 jurnalist və bloger, 7 hüquq müdafiəçisi, 39 ictimai-siyasi fəal, 5 milli azlıqların nümayəndəsi, 2 müharibə əleyhdarı, 5 deportasiya olunmuş siyasi mühacir, 249 dindar və 12 ömürlük məhkum yer alır.

Bundan başqa, “Söyüdlü işi” üzrə 2 nəfər, “İmişli işi” üzrə 19 nəfər, “Tərtər işi” üzrə 8 nəfər və “Gəncə işi” üzrə 13 nəfər də siyasi məhbus siyahısına daxil edilib.

Siyahını hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov hazırlayıb. Onlar “siyasi məhbus” anlayışını Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müəyyən etdiyi meyarlara əsaslanaraq tətbiq ediblər.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini siyasi məhbusların azad edilməsinə çağırır. Rəsmi Bakı isə ölkədə siyasi məhbusların mövcudluğunu inkar edir və yerli, həmçinin beynəlxalq qurumların iddialarını əsassız sayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun