Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərmək üçün əsas namizədlərdən biridir

Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərmək üçün əsas namizədlərdən biridir
16 Oktyabr 2025
Mətni dəyiş

Azərbaycanın ABŞ-nin dəstəklədiyi Qəzza sabitlik qüvvələrinə qoşulmaq istəyən İndoneziya və Pakistanla birlikdə “ən əsas namizədlər” arasında yer aldığı bildirilir.

“Politico” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın “Qəzza sülh planı” adlanan 20 bəndlik təşəbbüsündə yer alan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) tərkibi üzərində danışıqlar davam edir.

Nəşr ABŞ Müdafiə Nazirliyinin anonim rəsmisinə istinadla yazır ki, məhz bu üç ölkə qüvvəyə qoşulmaqda “ən çox maraq” ifadə edib.

Trampın planına əsasən, ISF Qəzzada fələstinli polis qüvvələrini hazırlamaq və onlara dəstək göstərmək funksiyasını daşıyacaq. Qüvvə bu işdə İordaniya və Misirlə məsləhətləşəcək. Çünki hər iki ölkənin təhlükəsizlik sahəsində “geniş təcrübəsi” var.

Plan ISF-i “daxili təhlükəsizliyin uzunmüddətli həlli” kimi təqdim edir. Qüvvənin əsas məqsədi İsrail və Misirlə birgə Qəzza sərhədlərinin təhlükəsizliyini təmin etmək və sursatların əraziyə daxil olmasının qarşısını almaqdır. ISF-in Qəzzada nəzarəti İsrail ordusundan təhvil alacağı nəzərdə tutulur.

“Politico” yazır ki, qüvvənin yaradılması “hələ bir neçə ay” çəkəcək və bir çox diplomatlar Trampın planının “hazırkı mərhələdən o tərəfə keçəcəyinə” şübhə ilə yanaşır. Hazırda planın əsas mərhələsi İsrail girovlarının azad edilməsi qarşılığında atəşkəsin əldə edilməsidir.

Azərbaycanın ISF-də mümkün iştirakı barədə xəbərlər oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən 2025-ci il Qəzza sülh sammitindən bir neçə gün sonra yayılıb.

Azərbaycan İsraillə güclü münasibətlərə malikdir. 2023-cü ildə bu ölkə İsrailin ən böyük neft təchizatçısı olub. Öz növbəsində İsrail Azərbaycana silah ixrac edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, 2016–2020-ci illərdə Azərbaycana gətirilən silahların 69 faizi İsrail istehsalı olub.

Həmçinin bildirilir ki, Azərbaycan Dəməşq və Təl-Əviv rəsmiləri arasında gərginliyi azaltmaq məqsədilə bir neçə gizli görüşə ev sahibliyi edib. Bundan əlavə, 2025-ci ilin aprelində Bakı İsrail və Türkiyə nümayəndələri arasında Suriyadakı gərginliyin azaldılması ilə bağlı danışıqlara da şərait yaradıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun