Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlıya açılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Proses hakim Telman Hüseynovun sədrliyi ilə baş tutub.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının “Toplum TV”yə verdiyi məlumata görə, iclasda şahidlər ifadə verib.
İlk olaraq zərərçəkən Qurbanəli Yusifovun atası Vidadi Yusifov dindirilib. O, Azər Qasımlının nə ona, nə də oğluna birbaşa hədə-qorxu gəldiyini eşitmədiyini deyib:
“Vidadi Yusifov suallara cavabında ehtimallardan danışırdı. Dəfələrlə soruşuldu ki, Azər Qasımlının kimisə təhdid etdiyini görüb və ya eşidibmi. O isə yalnız “evimin yandırılacağından qorxdum” kimi fikirlər səsləndirirdi,” – deyə Samirə Qasımlı bildirib.
Halbuki ittiham tərəfi Azər Qasımlının Qurbanəli Yusifovu oğlunu oğurlamaq və atasını öldürməklə hədələdiyini iddia edir. Vidadi Yusifov isə belə söz işlətmədiyini deyib və qeyd edib ki, bu barədə yalnız oğlundan eşidib.
Azər Qasımlı məhkəmədə şahiddən soruşub ki, iddia edilən hədə-qorxudan nə vaxt xəbər tutub. Vidadi Yusifov cavabında 2024-cü ilin aprelində, Mingəçevir Məhkəməsindəki borc işi zamanı bildiyini deyib. Lakin Azər Qasımlı xatırladıb ki, o, istintaqda 2022-ci ilin oktyabrında “təhlükədən qorxduğu üçün” ailəsini Bakıdan Mingəçevirə köçürdüyünü demişdi. Bu ziddiyyət zalda gülüşlə qarşılanıb.
Sonra zərərçəkənin xalasıoğlu Ramazan Yusifzadə ifadə verib. O, 2023-cü ilin martında Antalyada Qurbanəli Yusifovla birgə qaldığını, bir dəfə onun telefon zəngi qəbul etdiyini və “əhvalının dəyişdiyini” görsə də, zəngin nədən getdiyini bilmədiyini deyib.
“Prokuror şahidə yönləndirici suallar verirdi, vəkil Rövşanə Rəhimli buna etiraz etdi. Suallar o qədər açıq idi ki, hakim etirazı qəbul etdi,” – deyə Samirə Qasımlı bildirib.
Onun sözlərinə görə, prokuror şahidi açıq şəkildə hədələyib: ibtidai istintaqda verdiyi ifadəni təkrarlamasa, barəsində cinayət işi qaldırılacağını deyib. Ramazan Yusifzadə yalnız prokurorun təzyiqindən sonra Azər Qasımlının “xalasıoğluna hədə-qorxu gəldiyini” deməyə məcbur olub.
Zalda olanlar şahidə onun ifadədən imtina etmək hüququnu xatırladıb, başqa biri isə “Avropada təhsil almış adamdan üzəduran düzəltməyin” deyə səslənib.
Azər Qasımlı şahiddən soruşub ki, niyə istintaqda telefon zənginin İstanbulda, məhkəmədə isə Antalyada baş verdiyini deyib. Qasımlı həmçinin əlavə edib ki, zərərçəkən Qurbanəli Yusifov zəngi ümumiyyətlə Bakıda qəbul etdiyini bildirib.
Ramazan Yusifzadə bu fərqi “texniki səhv” adlandırıb və “İstanbulda heç vaxt olmadığını” deyib.
Məhkəmə prosesi noyabrın 12-nə təyin olunub.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, ittihamları siyasi sifariş adlandırır.
Qasımlı daha əvvəl, 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutka inzibati qaydada həbs edilmişdi. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 siyasi məhbus var.
Foto: Amerikanın Səsi