“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində müəssisədaxili məhkəmə iclasının keçirildiyi bildirilib.
Məlumatı “İşçi Masası” yayıb.
Təşkilatın bildirdiyinə görə, belə iclaslar adətən həbsdə özünü nümunəvi aparan, müəssisə daxilində problem yaratmayan və cəzasının bitməsinə az qalmış məhbusların islah olunmuş sayılaraq azadlığa buraxılması məsələsini dəyərləndirir. Lakin məhkəmə İsrafilov barəsində bu qərarı verməyib.
İclasda İsrafilova 2023-cü ildə Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasından ailəsinə məktub göndərməsilə bağlı irad bildirilib. Fəal isə Şüvəlan təcridxanasında baş verənlərin 10 saylı Cəzaçəkmə Müəssisəsinə aidiyyətinin olmadığını, bunun qanuna zidd olduğunu bildirib. Məhkəmə heyəti bu etirazı nəzərə alsa da, 2024-cü ildə onun 10 gün cərimə kamerasında (“kars”) saxlanılmasını əsas gətirərək həbsdə qalmasına qərar verib. İsrafilov həmin dövrdə “kars” cəzası ilə bağlı heç bir hadisə baş vermədiyini deyərək araşdırma tələb etsə də, hakim bunu nəzərə almayıb.
Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndləri ilə ittiham verilsə də, iş sonradan 234.1.1-ci (satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni/psixotrop maddəni əldə etmə, saxlama, daşıma və s.) maddə üzrə tövsif edilib. O, ittihamı rədd edir və həbsi ictimai fəaliyyətilə əlaqələndirir. 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi İsrafilovu həmin maddə üzrə 3 il azadlıqdan məhrum edib.
İsrafilov “İşçi Masası”nın idarə heyətinin üzvüdür. Təşkilat müstəqil fəaliyyət göstərir və xüsusilə kuryerlərin hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar və kampaniyalar təşkil edib. Eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov, üzvlər Elvin Mustafayev və Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiə qurumları İsrafilovu və digər fəalları siyasi məhbus sayır, onlara qarşı irəli sürülən ittihamları əsassız adlandırırlar.