Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi 2 ildən sonra Azərbaycana səfər edib

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi 2 ildən sonra Azərbaycana səfər edib
7 Oktyabr 2025
Mətni dəyiş

Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınması Komitəsi (CPT) sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycana növbəti monitorinq səfəri həyata keçirib. Bu, Komitənin ölkəyə altıncı dövri səfəri olub.

Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində saxlanılan şəxslərin, penitensiar müəssisələrdəki məhbusların saxlanma şəraiti və rəftarını öyrənmək olub. Həmçinin psixiatrik müəssisələrdə saxlanılan şəxslərə göstərilən rəftar, onların hüquqi təminatları və saxlanma şəraiti də araşdırılıb.

Səfər çərçivəsində CPT nümayəndələri əvvəlki illərdə verilmiş tövsiyələrə Azərbaycan hakimiyyətinin necə reaksiya verdiyini də qiymətləndiriblər.

Nümayəndə heyəti Ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Daxili işlər nazirinin müavini Oqtay Kərimov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər yüksək vəzifəli rəsmilərlə görüşüb. Baş Prokurorluğun nümayəndələri, Polis Akademiyasının əməkdaşları, Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə də görüşlər keçirilib.

Səfərin sonunda Azərbaycan hakimiyyətinə ilkin müşahidələr təqdim olunub.

Komitə səfər çərçivəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Mərkəzi, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Yasamal rayon polis idarələri və müvəqqəti saxlama yerləri, Gəncə və Yevlax rayon polis idarələrinin müvəqqəti saxlama mərkəzləri, DTX İstintaq Təcridxanası və Müvəqqəti Saxlama Mərkəzi, Gəncədəki 2 saylı İstintaq Təcridxanası, Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanası, Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksdə, həmçinin Səhiyyə Nazirliyinin tabeliyindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanası, 2 saylı Psixiatriya Xəstəxanası (Bakı) və Respublika Narkoloji Mərkəzində monitorinq aparıb.

Bu səfər CPT-nin Azərbaycanda işgəncə və qeyri-insani rəftarın qarşısının alınması sahəsində aparıcı monitorinq mexanizmi kimi fəaliyyətinin davamı hesab olunur. Komitənin yekun hesabatı sonradan hazırlanaraq Azərbaycan hökumətinə təqdim ediləcək.

2024-cü il iyulun 3-də Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınması Komitəsi (CPT) Azərbaycanla bağlı açıq bəyanat yayıb. Komitə bildirib ki, Azərbaycan hakimiyyəti qurumla davamlı əməkdaşlıqdan qəti şəkildə imtina edib.

Məhz bu səbəbdən CPT müstəsna addım ataraq 2022-ci ildəki xüsusi səfər hesabatını bəyanata əlavə olaraq ictimailəşdirib.

Bir gün sonra, iyulun 4-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirib. Nazirlik hesabatın Azərbaycanın razılığı olmadan tam şəkildə dərc edilməsini “presedenti olmayan qərar” adlandırıb və təəssüf ifadə edib. XİN həmçinin Komitənin tövsiyələrinin həmişə nəzərə alındığını vurğulayıb.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin dövrdən bəri Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı 263 pozuntu müəyyən edib. Onların 33-ü işgəncə və qeyri-insani rəftar iddiaları ilə bağlıdır.

CPT nümayəndələri 2020 və 2022-ci illərdə Azərbaycana səfər etsələr də, dərc olunmuş hesabatlar yalnız 2018-ci ilə qədərki dövrü əhatə edir. Qaydalara əsasən, Komitə Azərbaycanın razılığı olmadan hesabatlarını ictimaiyyətə açıqlaya bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun