Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 14-də hazırda həbsdə olan jurnalist Ramin Dekonun (Cəbrayılzadə) işi üzrə qərar qəbul edib. Məhkəmə yekdilliklə müəyyən edib ki, jurnalistin informasiya əldə etmək hüququ və səmərəli hüquqi müdafiə vasitəsinə çıxış hüququ pozulub.
Ramin Deko 2012-ci ildə Prezident Administrasiyasına informasiya sorğusu göndərərək dövlət vəsaitləri hesabına mənzil almış şəxslərin siyahısını, həmin mənzillərin hansı fondlardan ayrıldığını və bu fondlara kimlərin nəzarət etdiyini öyrənmək istəmişdi.
Lakin sorğuya cavab verilməmişdi. Bunun ardınca jurnalist Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə onun iddiasını qəbul etməmişdi. Səbəb kimi göstərilmişdi ki, Prezident Administrasiyası inzibati orqan sayılmadığı üçün cavabdeh kimi çıxış edə bilməz. Jurnalistin apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdi.
AİHM qeyd edib ki, Ramin Deko “Azadlıq” qəzetinin əməkdaşı kimi dövlət vəsaitlərinin xərclənməsində şəffaflıqla bağlı araşdırma aparırdı və bu məlumat onun ictimai nəzarət funksiyasını yerinə yetirməsi üçün mühüm idi. Sorğu ictimai maraq kəsb edən məsələ — dövlət hesabına mənzillərin paylanması ilə bağlı idi. Qərara əsasən, Prezident Administrasiyası bu məlumatların hazırlanmasında iştirak edən, müvafiq fərman və sərəncamların icrasına nəzarət edən orqan kimi, tələb edilən məlumatın mövcudluğuna dair əsaslı məsuliyyət daşıyırdı. Lakin Administrasiya sorğuya heç bir cavab verməyib, sorğunu aidiyyəti quruma yönləndirməyib və bu barədə jurnalisti məlumatlandırmayıb.
AİHM bu davranışı qanunla əsaslandırılmamış müdaxilə kimi qiymətləndirərək, Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı və informasiya almaq hüququ) pozulduğunu bildirib.
Məhkəmə həmçinin qərara gəlib ki, Ramin Dekonun Prezident Administrasiyasının fəaliyyətsizliyinə qarşı effektiv hüquqi müdafiə vasitəsi olmayıb. Bu səbəbdən AİHM Konvensiyanın 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə hüququ) da pozulduğunu tanıyıb.
AİHM iş üzrə 10 və 13-cü maddələrin pozulduğunu tanıyıb, 6-cı maddə (ədalətli məhkəmə araşdırması) üzrə ayrıca baxmağa ehtiyac görməyib. Buna baxmayaraq, jurnalistə mənəvi zərər və ya xərclərlə bağlı kompensasiya təyin edilməyib, pozuntu faktının tanınmasını kifayət qədər ədalətli kompensasiya sayılıb.
Beləliklə, AİHM hesab edib ki, Azərbaycan hökuməti jurnalistin dövlət orqanlarından informasiya almaq hüququnu pozub, həmçinin onun bu hüququn müdafiəsi üçün ölkə daxilində effektiv hüquqi vasitəyə çıxışı olmayıb.
Jurnalist Ramin Deko ötən ilin dekabrında “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ümumilikdə bu iş üzrə 12 nəfər barəsində cinayət işi açılıb.
Əvvəlcə onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması maddələri əlavə edilib.
Həbsdə olan jurnalistlər bütün ittihamları rədd edir və saxlanılmalarını siyasi sifariş, peşə fəaliyyətlərinə görə təzyiq kimi qiymətləndirirlər.