AİHM Azərbaycan hökumətinin bir qrup fəalla bağlı iş üzrə günahını etiraf etdiyini açıqlayıb

AİHM Azərbaycan hökumətinin bir qrup fəalla bağlı iş üzrə günahını etiraf etdiyini açıqlayıb
4 Oktyabr 2025
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı “İlhamiz Quliyev və digərləri” işi üzrə qərarını elan edib. Məhkəmə bəyan edib ki, Azərbaycan hökuməti vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu etiraf edib və bunun müqabilində təzminat ödəməyə razılaşıb.

Məhkəməyə müraciət edən şəxslər “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov, hüquq müdafiəçisi İlhamiz Quliyev, ictimai fəal Emin Axundov, AXCP üzvləri Orxan Baxışlı, Ramid Nağıyev və Kənan Zeynalovdur.

Onlar müxtəlif vaxtlarda inzibati xətalarla bağlı ədalətsiz məhkəmə proseslərindən şikayət ediblər. Fəalların iddiaları Avropa Konvensiyasının 6-cı maddəsi – “ədalətli məhkəmə araşdırması hüququ” ilə bağlı olub.

Şikayətlər birləşdirilərək vahid qərar formasında araşdırılıb. Azərbaycan hökuməti əvvəlcə dostcasına həll variantlarını müzakirə etsə də, daha sonra AİHM-ə birtərəfli bəyanatlar təqdim edib. Bu bəyanatlarda hökumət pozuntuları qəbul etdiyini, zərərçəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Qərara görə, hər bir ərizəçiyə ödəniləcək məbləğlər hökumətin təqdim etdiyi cədvəldə göstərilib. Cədvələ əsasən, hər bir fəala mənəvi zərərə görə 900 avro, əlavə xərclər üçün 225 avro ödəniləcək. Ödəniş üç ay müddətində həyata keçirilməlidir. Əgər bu müddətdə ödəniş olunmasa, əlavə faizlər Avropa Mərkəzi Bankının uçot dərəcəsinə üç faiz əlavə edilməklə hesablanacaq.

Məhkəmə qeyd edib ki, bu məbləğlər əvvəlki oxşar işlərdə müəyyən edilən təzminatlarla uyğunluq təşkil edir və müraciətçilərdən etiraz daxil olmayıb.

AİHM vurğulayıb ki, hökumətin birtərəfli bəyanatı və təklif edilən təzminat pozuntulara görə “məqbul və yetərli” kompensasiya hesab olunur. Bu səbəbdən, məhkəmə işləri siyahıdan çıxarmaq barədə yekdil qərar qəbul edib.

Bununla belə, qərarda qeyd olunub ki, hökumət öhdəliklərinə əməl etməsə, həmin işlər yenidən məhkəmənin gündəliyinə qaytarıla bilər.

AİHM xatırladıb ki, Azərbaycanla bağlı inzibati xətalar üzrə ədalətli məhkəmə araşdırmasının pozulmasına dair geniş presedent hüququ mövcuddur. Bunlara “Qafqaz Məmmədov Azərbaycana qarşı” (2015), “Hüseynli və digərləri Azərbaycana qarşı” (2016), “Həsənov və Məcidli Azərbaycana qarşı” (2021) və digər işlər daxildir.

***

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib və 200 manat cərimələnib. Azadlığa çıxdıqdan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə – külli miqdarda narkotik vasitələrin dövriyyəsi ittihamı irəli sürülüb. Orucov ittihamları rədd edərək həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.

Məhkəmədə verdiyi ifadəsində fəal bildirib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərə görə əvvəlcə inzibati qaydada həbs edilib. Daha sonra Suraxanı rayon Polis İdarəsinin 32-ci bölməsində baş verən işgəncələrlə bağlı danışdıqdan sonra şirkət rəhbərliyi ilə polis arasında iş birliyi nəticəsində təkrar həbs edildiyini söyləyib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il fevralın 25-də ittihamları qismən yüngülləşdirərək Orucovu 3 il müddətinə azadlıqdan məhrum edib. Mayın 1-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçisi İlhamiz Quliyev də oxşar ittihamlarla həbs olunub. O, əvvəl polis orqanlarında müstəntiqin köməkçisi işlədiyindən sistemlə yaxından tanış olduğunu və polisin narkotik vasitələrdən ictimai fəalları şərləmək üçün istifadə etdiyini “Abzas Media”ya açıqlayıb. Quliyev 2023-cü ilin oktyabrın 5-də inzibati qaydada 30 sutka həbs edilib, azadlığa çıxdıqdan sonra isə dekabrda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən saxlanılıb. 2024-cü il dekabrın 12-də məhkəmə onu 3 il azadlıqdan məhrum edib.

İctimai fəal Emin Axundov 2023-cü il oktyabrın 16-da polisə tabe olmamaq və xırda xuliqanlıq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. O, sosial şəbəkələrdəki fəaliyyəti səbəbindən həbs olunduğunu bildirib.

AXCP üzvlərinə qarşı da oxşar qərarlar çıxarılıb. Partiyanın üzvü Orxan Baxışlı 2023-cü il oktyabrın 17-də xırda xuliqanlıq ittihamı ilə 20 sutka həbs edilib. Digər üzv Ramid Nağıyev 20 oktyabrda 30 sutka inzibati həbs alıb. Ona qarşı həm polisin qanuni tələbinə tabe olmamaq, həm də xırda xuliqanlıq ittihamı irəli sürülüb. AXCP fəalı Kənan Zeynalov isə oktyabrın 5-də eyni ittihamlarla 25 gün müddətinə inzibati qaydada həbs olunub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun