Yanvarın 21-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə “Abzas Media”nın direktoru Ülvi Həsənli sərbəst ifadə verib.
Ülvi Həsənlinin məhkəmədəki çıxışını təqdim edirik:
"2016-cı ildə bir qrup həmkarımla “Abzas Media”nı yaratdıq və həmin müddətdən quruma rəhbərlik edirəm. Məqsədimiz azad və peşəkar media olaraq innovativ metodlarla vətəndaşların problemlərini işıqlandırmaq və yüksək səviyyəli korrupsiya hallarını ortaya çıxarmaq idi. Bu yola da davam etdik. Bu müddətdə geniş müzakirələrə səbəb olan unikal reportajlar, cəsarətli korrupsiya araşdırmaları yayımladıq.
İşlərimizə görə İlham Əliyevin qəzəbinə tuş gələcəyimizi bilirdik. Amma bu, bizi çəkindirmirdi. Fəaliyyətimizi özünüsenzura olmadan davam etdirdik. Çünki ölkəmizdə çox ciddi sosial, siyasi, hüquqi problemlər var. Bunun da kökündə hakim elitanın pul, sərvət, güc hərisliyi durur.
Araşdırmalarımızda ortaya çıxardıq ki, Qarabağdakı bərpa işlərinə 2021-2023-cü illərdə ayrılan 10 milyard manat dövlət vəsaiti İlham Əliyevin və yaxın ətrafının ailə şirkətlərinə axıb. Qarabağ kasıbların qanı hesabına azad edildi, oliqarxlar onu yenidən işğal etdi. Yəni, vətənpərvərlik adı altında sərvətlərinə nəhəng var-dövlət qatırlar.
Araşdırmalarımızdan məlum oldu ki, Qarabağdakı kənd təsərrüfatı təyinatlı torpaqlar İlham Əliyev, Bəylər Əyyubov və Əli Nağıyevin şirkətləri tərəfindən bölüşdürülüb. Bu ilin sonuna qədər Qarabağdakı işlərə ayrılan vəsait 20 milyard manata çatacaq. İndi mənzərəni və miqyası təsəvvür edin.
Jurnalistikanın missiyası hakimiyyətlər üzərində ictimai nəzarəti təşkil etmək, problemlərə işıq salmaqdır. Prezident və ona yaltaqlanan zümrə deyir ki, siz düz bilmirsiniz, jurnalistika əslində yarınmaq, cinayətləri, korrupsiyanı, maxinasiyaları ört-basdır etmək sənətidir. Yəni, jurnalistikaya zidd olan hər şey diktatura üçün əsl jurnalistikadır.
“Abzas Media işi” ilə bağlı istintaq materialları başdan-ayağa qanunsuz və cinayət yolu ilə hazırlanıb. Mən həbs olunanda və BŞBPİ-də döyülmüşəm. Niyə korrupsiya araşdırmaları apardığımızı sorğu-sual edir, telefonumun və kompüterimin parollarını tələb edirdilər. Sonra cihazlarımı “kibercinayətkarlıq” idarəsinə aparıb parollarımı sındırmağa çalışdılar. Fərid də həbs olunanda döyülüb.
Dindirmələr, şahid ifadələri təhdid, şantaj və təzyiq altında aparılıb. Hətta bizimlə əlaqəli olmayan “Toplum TV işi”ndə müstəntiq Əlibala Hacızadə jurnalist Əli Zeynalı aldadıb mənim əleyhimə ifadə almağa çalışıb. Amma Əli başa düşüb ki, müstəntiq yalançıdır. Məhəmmədin ailəsinin tutduğu vəkildən də imtina etdiriblər.
Bizim işimizi qondarma əsaslarla başladıblar. Ofisə pul qoyub götürməklə. Tələb etdik ki, pullardakı əl izləri ilə bağlı ekspertiza keçirilsin, amma etmədilər. Çünki bilirdilər ki, pullardan bizim yox, xalqın haqqını yeyənlərin, dövlət cinayəti törədənlərin barmaq izləri çıxacaq. Qondarma əsasla başladılan iş bəllidir ki, necə tikilib, necə tamamlanıb.
Cinayət işi 27 cild, təxminən 7000 səhifə idi, amma içində heç bir dəlil-sübut yoxdur. Saxtalaşdırılmış faktlar, işgəncə, şantajla alınan ifadələr, uyğun gəlməyən, əsaslandırılmayan iddialar. Yəni, söz yığınından və sifarişli məhkəmə qərarlarından ibarət vərəq israfı. Bir sözlə, diktatura Azərbaycan adına ləkə olacaq daha bir məhkəmə şousu düzəldib.
Həbsimizdən əvvəl də, sonra da təkliflər, təhdidlər oldu ki, fəaliyyətimizi dayandıraq. Dayanmadıq. Həbs etdilər ki, bizi susdursunlar, amma susmadıq. Bu dəfə həbsxanalardakı işgəncələrdən, qanunsuzluqlardan, korrupsiya hallarından, məhbusların problemlərindən yazmağa başladıq.
Biz yaradıcı işlə məşğuluq, yeni ideyalar ortaya çıxarır, araşdırır, fərqli rakurslardan baxırıq. Bizim işimiz şablon, çərçivədə, istedadsız, yaltaq fəaliyyət olmayıb. Komandamız ilə ağıllı, ləyaqətli, cəsarətli, bacarıqlı insanlardan formalaşıb ki, onlar heç vaxt səhv bildikləri işin arxasınca getməzlər. Ona görə hökumət boş yerə özünü gücə salıb bizi əyməyə çalışmasın. Bizim üçün hər yer jurnaliastikaya uyğun zəmin, hər problem mövzudur. Yəni, istənilən halda, istənilən yerdə jurnalistika fəaliyyətimizi davam etdirəcəyik.
İlham Əliyev istəyir ki, bütün jurnalistlər Mirşahin olsun. Hamı yaltaqlansın, yalanla yaşasın. Yaxşı atalar sözü var: Deyir, dostunu göstər, deyim kimsən. Onun dostu Kiselyov, Solovyov, Mirşahin, mənim dostlarım isə Sevinc, Elnarə, Nərgiz, Hafiz, Məhəmməd, Fərid və başqa bu cür möhtəşəm insanlardır.
Qızlar isə görünməmiş nümunə ortaya qoydular. Sevinc bilə-bilə ki, aeroportdaca həbs olunacaq, xarici ölkədən Bakıya qayıtdı. Nərgiz həbs ehtimalına baxmayaraq, fəaliyyətini dayandırmadı, istintaqdan yayınmadı. Elnarə əşyalarını toplayıb, reportaj hazırlayıb qorxmadan həbsxanaya gəldi. Azərbaycan tarixi belə nümunə görməmişdi. Bu hərəkətlər də bir daha sübut edir ki, bizim qorxacaq, çəkinəcək bir əməlimiz olmayıb, hər hansı cinayət törətməmişik. Bizi məhz jurnalistika fəaliyyətimizə görə həbs ediblər.
Bizim işdə ittiham hazırlayan da, onu müdafiə edən də, saxta məhkəmə qərarları verən də eyni adamdır. Bu, əlbəttə ki, İlham Əliyevdir. İşimiz bu mənada da karikaturadır. Əsl diktatura nümunəsi".
Ülvi Həsənli. 21 yanvar 2025-ci il