Bakı İstintaq Təcridxanasının qadın korpusunun rəisi Ədalət Qurbanovun 48-ci kamerada saxlanılan altı qadın məhbusu döydüyü bildirilir.
Bu barədə “Abzas Media”nın həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı məlumat verib. O deyib ki, hadisə yanvarın 18-də baş verib.
“Ədalət Qurbanov onların hamısının başından vurub. Bundan sonra həmin qadınlar kameralarından çıxarılıb başqa kameralara yerləşdirilib. Onlar hazırda saxlanıldıqları kameralardan narazıdır olduqlarını və əvvəlki otaqlarına qayıtmaq istədiklərini bildiriblər”, – deyə jurnalist bildirib.
Sevinc Vaqifqızının sözlərinə görə, məhbus qadınlara hədə-qorxu gələrək tapşırılıb ki, döyülməkləri barədə “Abzas Media”nın həbsdə olan jurnalistlərinə məlumat verməsinlər.
Ədalət Qurbanovun adı bundan əvvəl də təcridxanadakı işgəncə hallarında keçib. Onun adı bundan əvvəl Məleykə adlı dustağı döyməkdə hallanırdı.
Sevinc Vaqifqızı əlavə edib ki, yanvarın 20-də Ədalət Qurbanov yaşına görə təqaüdə göndərilib və onun yerinə Vahid Atakişiyev təyin edilib.
Vahid Atakişiyev ötən ilin noyabrında “Abzas Media” jurnalistlərinə qarşı zorakılıq hallarında xüsusi canfəşanlıq göstərənlərdən biridir.
O, Elnarə Qasımova ilə bağlı təcridxanada saxlanılan dustaqlardan hədə-qorxu ilə izahat almışdı. İzahatda Qasımovanın təcridxana əməkdaşlarına fiziki güc tətbiq etdiyi iddia edilirdi.
Hadisə ictimailəşdikdən sonra sözügedən izahatlar ləğv edilmişdi.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etsək də, suallarımız cavabsız qalıb.