Ermənistan məhkəməsi İkinci Qarabağ müharibəsi zamanı 20 əsgərin general-leytenant Cəlal Arutyunyanın yol verdiyi səhlənkarlıq nəticəsində öldüyünü təsdiqləyib
Yanvarın 15-də Qarabağdakı separatçı rejimin keçmiş komandirlərindən biri, general-leytenant Cəlal Arutyunyan 10 il müddətinə azadlıqdan məhrum edilib.
İkinci Qarabağ müharibəsi dövründə hərbi xidmət zamanı səhlənkarlıqda təqsirli bilinən generalın yol verdiyi səhvə görə 20 hərbçinin həyatını itirdiyi bildirilib.
İş üzrə zərərçəkənlərin nümayəndəsi Liparit Simonyanın dediyinə görə, 2020-ci il oktyabrın 12-də baş verən bu hadisə zamanı həyatını itirənlər Sor (Xocavənd rayonunda kənd) hərbi hissəsinin əsgərləri olub.
Simonyan “Azadlıq Radiosu”na bildirib ki, həmin gün döyüş mövqeyində olan bölük qarşı tərəfdən yaxınlaşan əsgər qrupunu müşahidə edib. Onların şəxsiyyətini müəyyən etməyə çalışarkən, sözügedən əsgərlərin erməni olduqları təsdiqlənib.
"[Arutyunyan] şəxsən onların 100% bizimkilər olduğunu söylədi. Bunu iki dəfə dedi. Nəticədə [azərbaycanlılar] gəlib həmin uşaqları [əsgərləri] mühasirəyə aldılar. Uşaqlar son güclərinə qədər müqavimət göstərdilər, lakin qüvvələr arasında bərabərsizlik səbəbindən 20 nəfər həlak oldu", – deyə Simonyan bildirib.
Arutyunyanın vəkili Arsen Sardaryan məhkəmənin belə bir qərar verəcəyini gözləmədiklərini deyib. Vəkil qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Arutyunyan məhkəmədə günahsız olduğunu bəyan edib. Onun vəkili Sardaryan hadisələrin Simonyanın iddia etdiyi kimi baş vermədiyini bildirib.
"Birincisi, bunu belə bir formatda deməyiblər, ikincisi isə məsələ çox aspektdən qiymətləndirilməlidir – kim deyib, harada və nə baş verib. Bu barədə çoxlu sübut var", – deyə Sardaryan “Azadlıq Radiosu”na açıqlamasında vurğulayıb.
2022-ci ilin sentyabrında Arutyunyana qarşı iki ittiham irəli sürülmüşdü. Bu ittihamlardan sonra Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılıb, onun ölkədən çıxışına isə qadağa qoyulub.
Arutyunyan Müdafiə Nazirliyindəki vəzifəsinə 2021-ci ilin fevralında təyin edilmişdi. Bu təyinat onun 2020-ci ildə hərbi nəqliyyat vasitəsinin partladılması nəticəsində yaralanaraq xəstəxanadan çıxmağından bir neçə ay sonra baş vermişdi.
İkinci ittiham isə 2020-ci il oktyabrın 7-dəki əks-hücum əməliyyatı ilə bağlı idi. 2023-cü ilin noyabrında Arutyunyan bu ittihamlardan bəraət almışdı. İttihamda qeyd edilirdi ki, əks-hücum uğursuzluqla nəticələnib, Ermənistanın hərbi texnika və canlı qüvvəsi ağır itkilər verib.
Arutyunyana qarşı ittiham irəli sürülməsindən bir neçə gün əvvəl onun varisi Mikael Arzumanyan İkinci Qarabağ müharibəsi zamanı yol verdiyi səhlənkarlıq ittihamıyla Ermənistan hakimiyyəti tərəfindən həbs edilmişdi.
2025-ci ilin yanvarında Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan da İkinci Qarabağ müharibəsi zamanı vəzifə borclarının icrasına səhlənkar yanaşmaqda ittiham edilərək barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Xaçatryan əvvəllər müharibə zamanı göstərdiyi xidmətə görə "Milli Qəhrəman" adına layiq görülüb.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.