Yanvarın 15-də İsrail və HƏMAS atəşkəs elan edib və girovların azad edilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə “Reuters” və “CNN” danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qətərin Baş naziri Məhəmməd Əl-Tani daha sonra tərəflərin bu razılaşmanı imzaladığını təsdiqləyib. Onun sözlərinə görə, müqavilə yanvarın 19-da, bazar günü qüvvəyə minəcək. Məlumata görə, həmin gün ilk girov qrupu azad edilə bilər. Ümumilikdə, HƏMAS-ın 33 girovu azad etməsi gözlənilir.
“Reuters”in məlumatına əsasən, razılaşmada ilkin olaraq altı həftəlik atəşkəs mərhələsi, İsrail ordusunun Qəzza sektorundan tədricən çıxarılması və girovların fələstinli məhbuslarla dəyişdirilməsi nəzərdə tutulur.
“Atəşkəs və Qəzzada girovların azad edilməsi ilə bağlı razılıq Qətər Baş nazirinin HƏMAS və İsrail nümayəndələri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdən sonra əldə edilib”, – deyə “BBC”yə müsahibə verən mənbə bildirib.
“Yaxın Şərqdə girovlarla bağlı razılaşmamız var. Onlar yaxın zamanda azad ediləcək”, – ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ-nin hazırkı prezidenti Co Bayden isə razılaşmanın Qəzzada hərbi əməliyyatları dayandıracağını, fələstinli mülki əhaliyə zəruri humanitar yardım göstərəcəyini və girovları 15 aydan çox əsirlikdən sonra ailələri ilə qovuşduracağını bəyan edib.
Onun sözlərinə görə, atəşkəsin birinci mərhələsində fələstinlilər evlərinə qayıda biləcəklər və Qəzza sektoruna humanitar yardım artırılacaq. İkinci mərhələdə İsrail və HƏMAS müharibənin tam dayandırılması üçün zəruri tədbirləri müzakirə edəcək, üçüncü mərhələdə isə Qəzzanın bərpası nəzərdə tutulur.
İsrail və Fələstinin islam müqaviməti hərəkatı kimi tanınan HƏMAS arasındakı son müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
HƏMAS silahlıları Qəzza sektorundan İsrailə genişmiqyaslı raket zərbələri endirib, silahlı dəstələr ölkə ərazisinə daxil olaraq girovlar götürüb. İsrailin məlumatına görə, həmin hücumlarda əksəriyyəti mülki şəxslər olmaqla 1200-dən çox şəxs öldürülüb, təxminən 250 nəfər əsir götürülüb.
Buna cavab olaraq İsrail Qəzza sektoruna genişmiqyaslı hava zərbələri endirib və oktyabrın 27-də böyük hərbi qüvvələrlə sektorun şimal hissəsinə daxil olub.
Fələstin səhiyyə orqanlarının məlumatına görə, İsrailin Qəzzada həyata keçirdiyi quru və hava əməliyyatları nəticəsində 46 600-dən çox insan həlak olub. Onların yarıdan çoxu qadınlar, uşaqlar və yaşlılardı.
“Reuters”in hesablamasına görə, bu rəqəm 2008-ci ildən bu yana Qəzza münaqişələrindəki itkilərin sayından 10 dəfə çoxdur.