İqtisadçı ekspert: "Davranış əsaslı kreditləşdirmə məhdudlaşdırmaya gətirib çıxarmamalıdır"

İqtisadçı ekspert: "Davranış əsaslı kreditləşdirmə məhdudlaşdırmaya gətirib çıxarmamalıdır" Foto: sosial media
8 Yanvar 2025
Mətni dəyiş

 Yanvarın 7-də Azərbaycan Mərkəzi Bankı davranış əsaslı kreditləşmə modeli ilə bağlı yeni qaydaları təsdiq edib. 

Mərkəzi Bankın açıqladığı yeni qaydalarla, borcalananlara kredit təyinatı zamanı onların onlayn alışları, sosial media fəaliyyəti kimi ən müxtəlif mənbələrdən məlumatların toplanılması və qiymətləndirilməsi prosesi aparılacaq. 

İqtisadçı Rəşad Həsənov deyir ki, başqa ölkələrdə də ən müxtəlif mənbələrdən davranış əsaslı kreditləşmənin qiymətləndirilməsi metodologiyası var. 

Onun sözlərinə görə, beynəlxalq praktikada davranış əsaslı maliyyələşdirmə prosesinin mahiyyəti insanlara daha çox kredit verilməsinə hədəflənib, amma bu, məhdudlaşdırmaya səbəb olmamalıdır. 

"Sosial şəbəkə hesablarının izlənməsinin və oradan məlumatların toplanılmasının məqsədini dəqiq bilmirəm. Digər tərəfdən, vətəndaşı sosial şəbəkə hesabı yoxdursa, bu, nəyə gətirib çıxaracaq? Onu da dəqiq bilmirəm. Amma mümkün deyil ki, vətəndaşların sosial şəbəkə hesablarının olmaması onların kredit götürə bilməməsinə səbəb olsun. 

Burada ola bilsin ki, kredit reytinqinin qiymətləndirilməsi zamanı müəyyən bal səviyyəsində aşağı qiymətləndirilmə olsun, amma bu, məhdudlaşdırma səbəbi ola bilməz. Çünki davranış əsaslı maliyyələşdirmə prosesinin mahiyyəti insanlara daha çox kredit verilməsinə hədəflənib. Bu proses məhdudlaşdırmanı təşviq etmir və yaxud da ona gətirib çıxarmamalıdır", - o əlavə edir. 

2024-cü ilin dekabrında Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüş keçirib. Görüşdə iştirak edən Xalid Kərimli deyir ki, bu məsələ də əsas müzakirə mövzusu olub. 

İqtisadçı deyir ki, hazırkı kreditləşmə sistemində gəlir və öhdəliyə baxırlar. Ancaq yeni qaydaların tətbiqindən sonra kreditləşmə ilə bağlı əlavə qiymətləndirmə prosesi olacaq. 

"Bu günə qədər borc və gəlir nisbətinə baxıb, faiz limiti qoyurlar ki, əgər kredit istəyən şəxsin aylıq ödənişi onun gəlirlərinin 40 faizinə qədərdirsə, rahatlıqla kredit vermək olar. 40-70 faiz arası olduqda yenə kredit verə bilirdilər, amma 70 faizdən artıq olduqda daha verilmirdi. Yəni, rəsmi olaraq aylıq 1000 manat gəliri olan şəxs 700 manat ödənişi olan kredit ala bilməz. İndi bu qalmaqla, əlavə olaraq da davranışlara görə kreditləşmə sistemi tətbiq olunacaq. 

Məsələn, indi baxır ki, siz götürdüyünüz krediti ödəyirsiniz, hər ay sizin kartınıza müxtəlif mənbələrdən 5 min manat gəlir, hər ay mağazalardan 3 minlik məhsul alırsınız və s. Bunların hamısını süni intelekt edəcək və üzə çıxardacaq ki, bu müştəri etibarlıdır, buna kredit vermək olar", - iqtisadçı əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun