Təşkilat bildirib ki, ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri standartlara cavab verməyib, müstəqil jurnalistlərin həbsi davam edib, hökumət COP29 ərəfəsində tənqidçilərinə qarşı basqıları artırıb
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı (HRW) 2024-cü ildə dünyada insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatı dərc edib. Yanvarın 16-da yayımlanan hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, hökumət noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransını (COP29) keçirdiyi dövrdə daxili tənqidçilərə qarşı təzyiqlərini artırıb.
“Konfransdan əvvəlki aylarda hakimiyyət orqanları jurnalistlər, insan hüquqları müdafiəçiləri və fəallar da daxil olmaqla, onlarla şəxsi siyasi motivli ittihamlarla həbs edib. Hökumət ifadə, birləşmə və toplaşma azadlıqlarına müdaxilə etməyə, həmçinin vətəndaş cəmiyyətini iflic edən qanunları tətbiq etməyə davam edib. Saxlanılan şəxslərə işgəncə və pis rəftar halları da davam edib”, – deyə sənəddə qeyd edilib.
Həmçinin vurğulanıb ki, fevral və sentyabr aylarında keçirilmiş növbədənkənar prezident və parlament seçkiləri azad və ədalətli seçki standartlarına uyğun gəlməyib, beynəlxalq müşahidəçilər isə seçkilərin “tənqidi səslərin boğulması” və “rəqabətin olmaması” ilə xarakterizə olunduğunu bildirib.
Hesabatda Avropa Şurasının Parlament Assambleyasının yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatını ratifikasiya etməmək barədə qərar qəbul etdiyi, bunu hökumətin Avropa Şurasına qoşularkən üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirməməsi ilə əsaslandırdığı xatırladılıb.
Azərbaycanla Ermənistan arasında münasibətlərin durumu builki hesabatda da yer alıb. Bildirilib ki, yekun sülh sazişinə dair danışıqlar sürsə də, sərhəddəki gərginliklər ara-sıra toqquşmalara yol açıb.
“Azərbaycanın bəyan etdiyi öhdəliklərinə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağı tərk etmiş etnik ermənilərin güvənli və ləyaqətli şəkildə geri qayıtmaq hüququnu təmin etmək və ya onların əmlak hüquqlarını bərpa etmək üçün ciddi addımlar atılmayıb”, – hesabatda vurğulanıb.
“HRW”-un yayımladığı sənəddə qeyd edilib ki, 2024-cü ildə hökumət əvvəlki illərdəki oxşar təzyiqləri davam etdirərək tənqidçiləri hədəf alan yeni həbslər həyata keçirib, müxaliflərə, jurnalistlərə və vətəndaş fəallarına qarşı saxta və əsassız ittihamlar irəli sürüb.
Ötən ilin avqust və iyul aylarında hakimiyyət orqanlarının İkinci Qarabağ Müharibəsinin tənqidçisi Bəhruz Səmədov və talış azlığının tədqiqatı ilə məşğul olan İqbal Əbilovu həbsi xüsusilə vurğulanıb. Hər iki şəxsin ilkin istintaq dövründə həbsdə saxlanıldığı bildirilib.
Sənəddə hökumət tənqidçiləri sırasında seçki müşahidəçi qrupunun rəhbəri Anar Məmmədlinin, keçmiş diplomat Emin İbrahimovun, iqtisadçı Fərid Mehralızadənin, müxalif fəal Tofiq Yaqublunun, parlament analizləri təqdim edən saytın təsisçisi İmran Əliyevin və 2023-cü ildə İsveç tərəfindən sığınacaq müraciəti rədd edildikdən sonra deportasiya olunan tənqidçi Famil Xəlilovun həbslərinə də diqqət çəkilib, onların məhkəmə iclaslarınadək həbsdə saxlanıldığı vurğulanıb.
2023-cü ilin iyulunda “saxtakarlıq və ekstremizm” ittihamları ilə həbs edilmiş Qubad İbadoğlunun ötən ilin aprelində ev dustaqlığına buraxıldığı və hələ də ciddi polis nəzarətində qaldığı qeyd olunub.
Davam edən istintaqlar çərçivəsində hökumətin bir çox şəxsə səyahət qadağası tətbiq etdiyi də bildirilib.
Təşkilatın hesabatında 2024-cü ilin mayında Azərbaycan Prezidentinin əfv fərmanı imzaladığını, ancaq siyasi motivli ittihamlarla həbsdə olan heç bir şəxsin adının siyahıya daxil edilmədiyi vurğulanılır. Sənəddə 2023-cü ildə Söyüdlü kəndində baş vermiş etirazlara qatılan bir şəxsin narkotik maddə saxlaması ittihamı ilə cəzalandırıldığı faktı da yer alıb.
Hesabatda saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilib. Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib.
Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub.
Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb. Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının “əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.
2024-cü ilin iyulunda “AbzasMedia” platformanın həbsdə olan direktoru Ülvi Həsənlinin işgəncə iddiaları barədə ətraflı məlumat dərc edib. Həsənli 2024-cü ilin yanvar-iyul ayları arasında məhkəməsini gözləyən təcridxanada ən azı 58 işgəncə və ya pis rəftar faktını sənədləşdirib.
Ailəsi hesab edir ki, başqa bir məhbusun Həsənliyə qarşı zorakılığı və dəfələrlə zorakılıqla hədələməsi onun ifşa olunmasına görə hakimiyyətin sifarişi ilə olub.
Sənəddə Azərbaycanda söz və media azadlığının durumu da əksini tapıb. Bildirilib ki, 2023-cü ilin noyabrından başlayaraq hakimiyyət ən azı üç müstəqil media platformasını, “AbzasMedia”, “Toplum TV” və “Kanal13”ü hədəfə alıb, onların müxbirlərini və digər əməkdaşlarını saxta qaçaqmalçılıq ittihamı ilə həbs edib.
Ən azı 12 media işçisi və bu qurumlarla əlaqəsi olan digər şəxslər, o cümlədən reportyorlar Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Elnarə Qasımova, Şamo Eminov, Müşviq Cabbarov, Əli Zeynalov və Əziz Orucov həbsdədir.
2024-cü ilin avqustunda hakimiyyət “AbzasMedia” jurnalistləri və Mehrəlizadəyə qarşı vergidən yayınma, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması kimi əlavə cinayət ittihamları irəli sürüb və hazırda istintaq təcridxanasındadır.
Mart ayında, prezident seçkilərindən az sonra polis “Toplum TV”-nin ofisinə basqın edərək, onların bütün avadanlığını müsadirə edib və ofisi möhürləyib. “Toplum TV” ilə əməkdaşlıq edən 5 vətəndaş, jurnalist və siyasi fəal həbs edilib. Bunlar Akif Qurbanov, Ruslan İzzətli, İlkin Əmrahov, Ramil Babayev və Ələsgər Məmmədlidir.
2024-cü ilin avqustunda məhkəmə 2023-cü ildə Söyüdlüdəki ekoloji etiraz aksiyalarında iştirak edən şəxsə saxta narkotik saxlamaq ittihamı ilə hökm çıxarıb. Həmin şəxs etirazlar zamanı yığılan plakatları çap etdirmişdi.
Hesabatın “Cinsi oriyentasiya və gender kimliyi” bölməsində Azərbaycanda LGBT üzvlərinin həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən pis rəftara, şantaja, əsassız həbslərə və ayrıseçkiliyə məruz qaldığı qeyd olunub.
“Media hesabatları göstərir ki, ayrı-seçkilik bəzi transgender şəxslərin uyğun yaşayış yeri və iş tapmaqda çətinlik çəkməsinə səbəb olur, bu da onları LGBT hüquq qrupları və qadın təşkilatlarının dəstəyinə güvənməyə məcbur edir” – sənəddə bildirilib.
Təşkilat vurğulayıb ki, Azərbaycanda hökumətin vətəndaş cəmiyyətinə artan basqıları LGBT hüquqları təşkilatlarına da təsir göstərib. Nəticədə bu təşkilatların bir çoxu güvənlik səbəbi ilə fəaliyyətini məhdudlaşdırıb və ya tam dayandırıb.
“2023-cü ilin aprel ayında Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci ildə Azərbaycanda LGBT icmasına qarşı polis təqiblərindən zərər çəkmiş 24 nəfərin şikayətini rədd edib. Şikayət hökumətin hüquq pozuntularına yol verdiyini etiraf etməsi və kompensasiya ödəməsi ilə əlaqəli idi. 2017-ci il polis təqibləri çərçivəsində gey və biseksual olduğu güman edilən kişilər, eləcə də transgender qadınlar həbslərə, zorakılığa və işgəncələrə məruz qalmışdılar.
Şikayətçilər nəticədən "çox narazı" qaldıqlarını bildiriblər, çünki hökumətin etirafı "pozuntuların xarakteri və miqyası ilə bağlı qeyri-müəyyənlik" daşıyıb və hökumət gələcəkdə belə pozuntuların qarşısını almaq üçün heç bir öhdəlik götürməyib. Onlar vurğulayıblar ki, LGBT insanlar hələ də polis tərəfindən hədəfə alınır və hakimiyyət onların qarşılaşdığı təqib və ayrı-seçkilik hallarına reaksiya vermir.
Azərbaycan hökuməti sözügedən hesabata münasibət bildirməyib. Ancaq rəsmi Bakı adətən beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmir və onları qərəzli adlandırır.