Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov Qubad İbadoğlunun məhkəməyə gəlməsini tələb edib.
O, iqtisaçı alim Qubad İbadoğlunun həbsindən 10 gün sonra eyni cinayət işi üzrə təqsirləndirilib. İbadoğlu azadlığa buraxılandan bir müddət sonra onun haqqında cinayət işi dayandırılsa da, Qasımov hələ də eyni iş üzrə mühakimə olunur.
“Azadlıq Radiosu”nun məlumatına görə, keçirilən son məhkəmə iclasında Fazil Qasımov Qubad İbadoğlunun gəlib sualları cavablandırmasını tələb edib. O, tələbini İbadoğluyla əlbirlikdə ittiham edilməsi ilə əsaslandırıb. Açılan cinayət işinə əsasən, Fazil Qasımov Türkiyədə Qubad İbadoğluya 21 min dollar saxta pul verib, o isə öz növbəsində həmin pulları Azərbaycana gətirib.
Fazil Qasımovun vəkili Fuad Ağayev bildirib ki, Qubad İbadoğlu dindirilmədən bu iş üzrə qərar çıxarıla bilməz. Vəkil müvəkkili haqqında cinayət işinin Qubad İbadoğluya qarşı qaldırılmış cinayət işindən heç bir hüquqi əsası olmadan ayrıldığını vurğulayıb.
“Məhkəmədə Qubad İbadoğlunun adını çəkməyən adam qalmayıb. İstər təqsirləndirilən şəxslər, istər şahidlər... Siz Qubad İbadoğlunu çağırıb dindirmirsinizsə, nə qədər məhkəmə istəyirsiniz, keçirin, nə olsun?!", – vəkil Bakı Ağır Cinayətlər Məhkəməsində belə deyib.
Prokuror Qubad İbadoğlunun çağrılıb dindirilməsinə ehtiyac görmədiyini bildirib. Hakimlər də vəsatəti təmin etməyib.
Vəkil Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Fazil Qasımovun işi üzrə ilkin təhqiqat və istintaqı aparmış müstəntiq və təhqiqatçının məhkəmədə dindirilməsi, müvəkkilinin tutulandan sonra Türkiyədən Azərbaycana gətirilərkən yanında kimlərin olması məsələsinin araşdırılması barədə də vəsatətlər verib. Bu vəsatətlər baxılmamış saxlanılıb.
Fazil Qasımovla birlikdə Anar Əliyev adlı şəxs də mühakimə olunur. O, ötən məhkəmə iclaslarından birində ifadə verərkən iddia edib ki, üstündən və evindən tapılan saxta valyutanı ona Qubad İbadoğlu vermişdi. O, istintaqda da iqtisadçının əleyhinə ifadə vermişdi. İbadoğlu isə bildirmişdi ki, bu şəxslə əlaqəsi olmayıb, onu şərləmək üçün həmin şəxsdən yararlanırlar.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.
Vəkillər bildiriblər ki, Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Fazil Qasımov məhkəmədə ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur olub.
O ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, – deyə Qasımov əlavə edib.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.