Azərbaycanda bütün kommunal xidmətlərin qiymətləri artırılıb

Azərbaycanda bütün kommunal xidmətlərin qiymətləri artırılıb Foto: sosial media
2 Yanvar 2025
Mətni dəyiş

Yanvarın 2-də Azərbaycanda bütün kommunal xidmətlərin qiymətləri artırılıb

Bu barədə Tarif Şurası qərar verib. 

Qərara görə, 200 kVts-dək elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə; 200  kVts-dan 300 kVts-dək elektrik enerjisinin qiyməti 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə; 300  kVts-dan çox elektrik enerjisinin qiyməti isə 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində artırılıb.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib.

Bununla bərabər, təbii qazın da qiyməti artırılıb. 

Belə ki, 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Bundan başqa, əhaliyə göstərilən istilik xidmətinin və su-kanalizasiya sistemlərinə qoşulmanın qiymətləri də artırılıb. “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1 015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1 635 manat məbləğində müəyyən edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun