Qurbanların əksəriyyəti Rusiyaya işləmək üçün gedən Azərbaycan vətəndaşları idi. Ölkənin quru sərhədləri hələ də bağlı olduğu üçün uçmaq yeganə seçim olaraq qalır
“Bir müddət əvvəl atamızı itirdik. İndi isə Ramazanı...” – Pitima Filiyeva Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2-8243 saylı uçuş reysinin sərnişinlərindən biridir. O qardaşı Ramazanın ölümündən danışır.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 67 nəfər sərnişin və ekipaj üzvündən 38 nəfəri, o cümlədən Ramazan həlak olub.
Növbəti gün Azərbaycan hökumətindəki mənbələr “Euronews”a ilkin istintaq nəticələrinə əsasən, təyyarənin Rusiyaya məxsus hava müdafiə raketi ilə vurulduğunu təsdiqləyib. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev Rusiyanı “günahını etiraf etməyə, təqsirkarları cinayət məsuliyyətinə cəlb etməyə və Azərbaycan dövlətinə, yaralanan sərnişinlərə və ekipaj üzvlərinə kompensasiya ödəməyə” çağırıb.
Rusiya isə təyyarənin qəzaya uğramasının “quş sürüsü ilə toqquşma” nəticəsində baş verdiyini iddia etməyə davam edir. Yanvarın 14-də keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov qara qutuların deşifrəsinin “mediada qeyd olunan bəzi ilkin nəticələri təsdiqləmədiyini” bildirib, lakin konkret hansı nəticələrin nəzərdə tutulduğunu açıqlamayıb.
AZAL-ın J2-8243 saylı reysinin sərnişinlərinin əksəriyyəti Azərbaycan vətəndaşları olub. Onlar quru sərhədləri bağlı olduğuna görə, məcburiyyət qarşısında ölkədən çıxmaq üçün təyyarə ilə uçmaq qərarına gəliblər.
Kompensasiya vədlərinə baxmayaraq, zərərçəkmişlər və onların ailələri hələ də ödənişləri gözləyirlər və əsas gəlir mənbəyini itirmiş ailələr çətin vəziyyətlə üzləşiblər. Bu vəziyyət insanların Rusiya ilə qonşu olmağına baxmayaraq, niyə uçmağa məcbur olduqları ilə bağlı suallar doğurur.
“Bu dünyada qardaşımın həyatından dəyərli heç nə yoxdur”
26 yaşlı Ramazan Filiyev ailəsi ilə birlikdə Şərif kəndində yaşayırdı. O, ailənin yeganə qazanc gətirəni idi və uşaqlıqdan bəri ailəsini dolandırırdı.
“9-cu sinifdən işləməyə başladı. O, çox mehriban və zəhmətkeş idi”, – deyə bacısı Pitima “OC Media”ya bildirib.
Qəzada həlak olanların çoxu kimi Ramazan da Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Balakən rayonunun sakini idi.
Bacısının sözlərinə görə, Ramazan iki il əvvəl ailə həyatı qurub və 10 aylıq bir oğlu var.
Ramazan Filiyev oğlu ilə. Foto: Ailə albomu
Ramazanın ailəsi Azərbaycanda yaşasa da, o, Çeçenistanın paytaxtı Qroznıda tikintidə çalışırdı.
“Bizim kənddə işsizlik səbəbindən çoxları Rusiyaya işləməyə gedir. Qardaşım da orada işləmək qərarına gəldi”, – Pitima danışır.
Qəzadan sonra AZAL həlak olan sərnişinlərin ailələrinə 40 000 manat (24 000 dollar), sağ qalan sərnişinlərə isə 20 000 manat (12 000 dollar) ödəyəcəyini vəd edib. Bundan əlavə, şirkət bütün sərnişinlərə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müvafiq sığorta təminatı veriləcəyini bəyan edib.
Lakin bu məbləği almaq üçün şirkət ailələrdən mərhumun maddi təminat mənbəyi olduğunu sübut edən çoxsaylı sənədlər təqdim etməyi tələb edib. Bundan əlavə, ailə üzvlərindən dəfn xərclərinin qohumlar tərəfindən ödənildiyini təsdiq edən sənədlər istənilib.
Ölən sərnişin doğulduğu Zaqatala rayonunda dəfn edilib. Foto: Report
Pitima “OC Media”ya bildirib ki, onlar bütün tələb olunan sənədləri yanvarın 13-də AZAL-ın ofisinə təqdim etsələr də, hələ də kompensasiya ala bilməyiblər.
“Bu dünyada qardaşımın həyatından dəyərli heç nə yoxdur. O, ailəmizin yeganə oğlu idi və anamla birlikdə yaşayırdı. Anamı necə ovunduracağımızı bilmirik”, – deyə Pitima bildirib.
Təyyarə qəzasının digər qurbanlarından biri də 33 yaşlı Anar Babayev olub. O, Dağıstanın Xasavyurt şəhərində yaşasa da, ailəsi Azərbaycanın cənubundakı Şiyəkəran kəndindəndir.
Anarın atası Zöhrab Babayevin sözlərinə görə, o, 7-8 yaşından ailəsinə maddi cəhətdən dəstək olub.
“O, mənim dayağım idi və çox zəhmət çəkirdi. İlk işi əl arabası ilə ağır yüklər daşımaq olub. Böyüdükdən sonra ailəmi Xasavyurta apardım və bir çox şeylər satdıq. İşdən sonra Anar gecələr taksi sürürdü. Ailəsini təmin etmək üçün hər şeyi edirdi”, – deyə Zöhrab Babayev “OC Media”ya danışıb.
Anar Babayev maşınının qabağında. Lənkəran TV-nin çəkilişi
Anarın atası bildirib ki, o, evli idi, lakin vaxtının olmaması səbəbindən rəsmi nikah bağlaya bilməmişdi.
Atası insult keçirəndən sonra iş qabiliyyətini itirib. Beləcə Anar ailənin yeganə qazanc gətirəninə çevrilib. O arada Anarın qardaşı miqrasiya qanunlarını pozduğuna görə, Rusiyadan deportasiya olunub və ailəsi, o cümlədən qardaşının himayəsində olan şəxslər gəlir mənbəyindən məhrum qalıblar.
Anarın ölümündən sonra AZAL ailəyə kompensasiya alma qaydasını izah etmək üçün zəng etdikdə, ilk soruşduqları onun oğlunun sənədləri barədə olub.
“Mən dedim ki, onun heç bir sənədi yoxdur, çünki bütün sənədləri onunla birlikdə yanıb. Daha sonra kimsə mənə zəng edib dedi ki, bütün sənədlər 48 saat ərzində hazır olacaq. Sənədləri hazırladılar və mən onları yanvarın 14-də AZAL-ın ofisinə təqdim etdim”, – deyə Zöhrab Babayev bildirib.
Ailə üzvləri hələ də kompensasiya ödənişini gözlədiyi bir vaxtda Azərbaycan hökuməti bu il dövlət büdcəsindən AZAL-a 5.9 milyon manat (3.5 milyon dollar) subsidiya ayırmağı planlaşdırır.
“Sərhədlər açıq olanda, çox rahat idik”
Balakən və Zaqatala rayonları Gürcüstanla sərhədə yaxın yerləşir. Tarixən bu rayonların, əsasən rusdilli olan sakinləri mövsümi və ya daimi işləmək üçün Gürcüstan vasitəsilə Rusiyaya gediblər. Lakin Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayında COVID-19 pandemiyası səbəbindən bağlandıqdan sonra sakinlər işləmək üçün xaricə məcburən Bakıdan uçmalı olublar. Dünyada əksər ölkələr COVID-lə əlaqədar bağladıqları sərhədlərini artıq çoxdan açsa da, Azərbaycan quru sərhədlərini bağlı saxlamağı seçib.
Mövsümi iş üçün ölkədən uçmağa məcbur qalanlardan biri də AZAL-a məxsus təyyarə qəzasının qurbanlarından 43 yaşlı Xizri Cirov olub. O, qəzada xəsarət alan və hazırda xəstəxanada olan 16 yaşlı qızı Salihatla birlikdə uçurmuş. Onların digər qohumları – Danaçı kəndindən olan 47 yaşlı Asif Carayev və 34 yaşlı Hacıibrahim Carayev də qəza nəticəsində həlak olublar.
“Xizri mənim yaxın qonşum idi, onun ailəsini yaxşı tanıyıram. Onun bu qəza nəticəsində həlak olması bizim üçün də çox ağırdır”, – deyə Danaçı kənd sakini Sabir Əhmədov “OC Media”ya danışıb.
Xizri Cirov və qızı Salihat AZAL-ın təyyarəsində. Foto: Lent.az
Əhmədovun dediyinə görə, Danaçı sakinlərinin çoxu, o cümlədən Cirov və onun iki qardaşı Rusiyada işləyir. O tez-tez bir qardaşi ilə Qroznıda, yayda isə digər qardaşı ilə Rostov vilayətində işləyirdi. Dekabrın 25-də o, Qroznıya qardaşı ilə tikinti işlərinə qatılmaq üçün uçurmuş.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Rusiyada 73,640 Azərbaycan vətəndaşı çalışıb. Bu göstərici 2022-ci ildəki 72,650 nəfərdən və 2021-ci ildəki 71,720 nəfərdən çoxdur. 2024-cü ilin statistik məlumatları isə hələ açıqlanmayıb.
Sərhədlərin bağlanmasından sonra mövsümi uçuşların xərclərini ödəmək yerli sakinlər üçün çətin olub.
“Xərcləri qarşılamaq çətin idi və əgər təyyarə üçün pul tapa bilmirdisə, borc alırdı. Sonradan Qroznıda pul qazandıqda, həmin borcu geri göndərirdi”, – deyə Pitima Filiyeva mərhum qardaşı Ramazan haqqında danışır.
“Sərhədlər açıq olanda çox rahat idik. 2 000 rubl (20 $) ödəyirdik və maşın bizi ünvana çatdırırdı. Amma indi 18 000–20 000 rubl (180–200 $) ödəməliyik. Bu məbləğ bizim üçün çox yüksəkdir. Üstəlik, Dağıstana qayıtmaq istəyəndə bu məbləği iki dəfə ödəməli oluruq. Buna görə də Azərbaycana tez-tez gəlməməyə çalışırdıq, çünki gediş-gəliş bizə çox baha başa gəlirdi”, – deyə Zöhrab Babayev “OC Media”ya bildirib.
Təyyarə qəzasından sonra quru sərhədlərin bağlı qalması məsələsi sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Qəza günü ictimai fəal Qiyas İbrahim “Facebook”da qeyd edib ki, insanlar adətən Qroznıya avtomobillə gedirdi. O bunun niyə daha mümkün olmadığını sorğulayıb.
Eyni zamanda, tarixçi Altay Göyüşov “Facebook”da karantin rejimini tənqid edərək, Bakı–Qroznı marşrutu üzrə təyyarələrin uçuşuna icaəzənin verilməsini məsuliyyətsizlik adlandırıb.
“Şimali Qafqaz şəhərlərinin, xüsusən Qroznının səması gedən müharibə səbəbilə daimi təhlükə vəziyyətindədir. Yəni Ukrayna dronları gəlir Qroznını vurur, Rusiya hava hücumundan müdafiə qüvvələri isə həmin dronları vurur. Ora aktiv döyüş meydanıdır. Gör nə qədər insan həyatına biganə yanaşılmalıdır, təhlükəsizlik qaydaları nə qədər bərbad durumda olmalıdır ki, ora sərnişin təyyarəsi göndərəsən”, – deyə Göyüşov yazıb.
Ölən sərnişinin meyiti Azərbaycana qaytarılır. Foto: Trend
Bakı Dövlət Universitetinin müəllimi Səbinə İzzətli tənqidçiləri “facebook”da təhqir edərək, qəzaların yalnız havada baş vermədiyini bildirib. Buna cavab olaraq, Balakən sakini İsa Taralov qeyd edib ki, onun bəzi qohumları və qonşuları qəzada həlak olub, halbuki Balakəndən Qroznıya olan məsafə Balakəndən Bakıya olan məsafədən azdır.
İzzətli öz paylaşımında Taralovun şərhini silib, lakin “OC Media” həmin şərhin silinməzdən əvvəl ekran görüntüsünü götürüb.
Bu, Azərbaycan vətəndaşlarının ölümü ilə əlaqədar sərhədlərin bağlı qalması mövzusunda yaranmış ilk narazılıq halı deyil. 2023-cü ilin fevralında Türkiyə və Suriyada ciddi dağıntılara səbəb olan güclü zəlzələ nəticəsində dörd azərbaycanlı tələbə – Şahin Vəliyev, Humam İsmayıllı, Samir Quliyev və Gündüz Nəzərzadə həlak olmuşdu.
Adətən, xaricdə təhsil alan azərbaycanlı tələbələr fevral ayındakı qış tətili zamanı vətənə qayıdaraq ailələri ilə vaxt keçirməyə çalışırlar. Lakin quru sərhədlərinin bağlı olması səbəbindən Azərbaycana qayıtmağın yeganə yolu uçuşdur və bu, əksər tələbələr üçün “son dərəcə baha başa gələn” bir seçimdir.
Onların ölümündən sonra Azərbaycan hökuməti yalnız həlak olmuş tələbələrin ailələrinin cəsədləri geri gətirməsi üçün Naxçıvan tərəfdən quru sərhədini açmaq qərarı verib.
AZAL-a məxsus təyyarə qəzasından sonra baş verən ikinci tənqid dalğasına baxmayaraq, Azərbaycan hökuməti dekabrın 27-də quru sərhədlərinin aprelin 1-nə qədər bağlı qalacağını bəyan edib. Bu müddət bitəndə quru sərhədlərinin bağlı qalmasının 5 ili tamam olacaq.
Bu məqalə OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.