Adil Qeybulla: "Uşaqlar arasında respirator xəstəliklərin artması xeyli narahatlıq doğurur"

Adil Qeybulla: "Uşaqlar arasında respirator xəstəliklərin artması xeyli narahatlıq doğurur" Foto: sosial media
6 Yanvar 2025
Mətni dəyiş

Səhiyyə Nazirliyindən bildirildiyinə görə, metapnevmovirus özünü öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla göstərir 

Qış fəslinin gəlişilə əhali arasında nəfəs yolları xəstəliklərinin artımı müşahidə olunur. Artıq bəzi mütəxəssislər bunun yeni yoluxucu xəstəlik olduğunu bildirirlər. Bu xəstəlik, əsasən, uşaqlar arasında geniş yayılsa da, böyüklərdən də yan keçmir. 

Səhiyyə Nazirliyi açıqlamasında bildirir ki, hər il soyuq aylarda Şimal Yarımkürəsində yerləşən ərazilərdə mövsümi qrip və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. 

"Metapnevmovirus mövsümi xarakter daşıyan xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb. Virus özünü öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla göstərir. 

Bu infeksiyaya, əsasən, kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər".

Nazirlik əhalinin müxtəlif qruplarına xəbərdarlıq edib. Bildirilib ki, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə məsləhət görülür. 

"Həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini, bununla yanaşı, risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyinin elan etdiyi qrip əleyhinə vaksinasiyadan keçməsini tövsiyə edirik", - məlumatda qeyd olunur. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Azərbaycanda yuxarı tənəffüs yollarının iltihabı prosesini törədən respirator xəstəliklərin, bunu yaradan xeyli infeksiyaların olması mümkündür. 

Onun fikrincə, bu xəstəliklər Azərbaycana qonşu ölkələrlə yanaşı, ticarət əlaqələrinin geniş yayıldığı uzaq ölkələrdən də gəlir. 

"Hazırda aktiv olaraq koronavirus infeksiyasının "Omikron" ştammı var. Sonra qrip virusunun özü. Bundan başqa bilirsiniz ki, hazırda Çində infeksiyalar yayılıb - Metapnevmovirus, Mikoplazma Pnevmoniyası virusu və Ranavirus. Bunlar Qazaxıstana da keçib, Türkiyənin özündə həyəcan təbili çalınıb. Çinlə ticarət əlaqələri olan ölkələr xeylidir, bu ölkələrdə virusların geniş yayılması halı da mümkündür. Nə etsək də, bu infeksiyalar gəlib bizə çıxır", - Adil Qeybulla bildirir. 

Ancaq həkim deyir ki, bununla mübarizə üsulları da mövcuddur. Burada həm səhiyyə sisteminin, həm də əhalinin üzərinə düşən işlər var. 

"Bu gün daha çox hansı infeksiyalar var? Səhiyyə Nazirliyi, TƏBİB lazımi açıqlamalar verməlidir. İnsanlarla maarifləndirici iş aparılmalıdır.

İndi Azərbaycanda bu infeksiyalara görə xeyli xəstə var. Kimi dindirsən, xəstəliyi ağır keçirib, neçə gün yataqdan qalxa bilməyib. Onlar qonşunun, qohumun fikri ilə antibiotiklərdən, dərmanlardan özbaşına istifadə etməməlidirlər. Yataq rejimində müalicə alıb, çoxlu maye qəbul etməlidirlər. Həkim təyinatı altında müalicələrini davam etdirməlidirlər ki, ağırlaşmalar, başqa fəsadlar olmasın. Bu gün uşaqlar arasında da respirator xəstəliklərin artması xeyli narahatlıq doğurur", - deyə o bildirib. 

Hazırda ölkədə qripə yoluxma ilə bağlı rəsmi statistika açıqlanmayıb. 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun