ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Yanvarın 14-də keçirilən imzalanma mərasimində Yerevan və Vaşinqton həmçinin atom enerjisi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqlara başlamaq niyyətlərini də açıqlayıblar.
“Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyasını yaradırıq. Bu, iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya və ədalət də daxil olmaqla, bir sıra əsas istiqamətlərdə ikitərəfli əməkdaşlığımızı genişləndirmək üçün əsas yaradır” – deyə Entoni Blinken sənədin imzalanma mərasimindən sonra bildirib.
Dövlət katibinin sözlərinə görə, sazişin imzalanması Ermənistan və ABŞ arasındakı əməkdaşlığı daha da iddialı səviyyəyə yüksəldir. O əlavə edib ki, Ağ Ev Ermənistanın suverenliyinin möhkəmləndirilməsinə sadiqdir.
Öz növbəsində, Ararat Mirzoyan qeyd edib ki, Yerevan və Vaşinqton beynəlxalq münasibətlərin mürəkkəbliyi fonunda həlledici əhəmiyyət kəsb edən tərəfdaşlıq səviyyəsinə çatıb. O, ABŞ ilə atom enerjisi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başlanacağını və Ermənistanın İŞİD terror qruplaşmasına qarşı qlobal koalisiyaya qoşulmaq niyyətində olduğunu elan edib.
2024-cü ildə Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını "dondurub" və daha sonra təşkilatdan tezliklə çıxacağını bəyan edib. Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləyib.
Bundan əvvəl yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ABŞ ilə strateji əməkdaşlığın qurulması ehtimalından danışıb. Əliyev Bayden dövründə ABŞ-nin Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədiyini qeyd edib.
“Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Cənab Tramp isə çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" – İlham Əliyev bildirib.