“Hətta vebkameraların altında belə qutuya saxta bülleten atmaqdan çəkinmədilər”
Növbədənkənar parlament seçkilərindən artıq günlər keçib. Bundan əvvəlki seçkilərdəki kimi bu seçki marafonu da kütləvi pozuntu halları ilə yadda qaldı. Topa bülleten atan kim, karusel əməliyyatı edən kim, libasını dəyişdirib bir neçə dəfə səs verən kim… Həmişə olduğu kimi bu dəfə də müstəqil müşahidəçilər və media nümayəndələri seçki dairələrində vəzifələrini yerinə yetirərkən təzyiqlərə, hücumlara məruz qaldılar.
Seçkilərdən sonra mediaya müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər çox yüksək səviyyədə keçib və cüzi pozuntu hallarına görə bütün seçkilərə kölgə salmaq olmaz. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə deyir ki, bu seçkilər də yerli və beynəlxalq standartlara cavab verməyib və çox sayda ciddi pozuntularla keçirilib. “Yaxşı olardı ki, bütün dairələrdə baş verən hadisələr ciddi araşdırılsın.
Yalnız şikayətlər üzrə yox, o cümlədən sosial şəbəkələrdə yayılan faktlar araşdırılsın və onlara hüquqi qiymət verilsin”- Bəşir Süleymanlı belə deyir.