Hökumət Anar Məmmədliyə bəraət verməli olsa da, əvəzində onu yenidən həbs edib
Sentyabrın 19-da Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət məsələlərinə baxılıb.
“Turan” Avropa Şurasının mətbuat xidmətinə istinadən yazır ki, 3 gün davam edən iclasda müzakirə olunan məsələlər arasında Azərbaycandan da bir sıra işlər olub.
Müzakirələr əsasən, "Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı" işi ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozulması, qeyri-mütənasib cinayət sanksiyalarının (xüsusilə böhtana görə həbs cəzalarının) tətbiqi və Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiqilə bağlıdır.
Nazirlər Komitəsi praktikada milli məhkəmələrin əvvəlkitək böhtana görə cəza kimi həbs cəzasından istifadə etməkdən çəkinməsilə bağlı hakimiyyətin təqdim etdiyi informasiyanı "maraqla" diqqətə alıb.
Bununla yanaşı, narahatlıqla qeyd edilib ki, bəzi hallarda diffamasiyaya görə həbs cəzası verilə bilər.
Nazir Komitəsi "hakimiyyətin daxili qanunvericiliyi Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) tələblərinə hələ də uyğunlaşdıra bilməməsini" təəssüflə qeyd edib.
Nazirlər Komitəsi mətbuata ictimai nəzarətçi kimi öz mühüm rolunu sərbəst həyata keçirmək imkanı verməkdən ötrü cinayət müddəalarının özbaşına tətbiq edilməməsi üçün hakimiyyəti məhkəmə praktikasının yaxşılaşdırılması üzrə səylərini artırmaq çağırışlarını təkrarlayıb.
Nazirlər Komitəsi 2025-ci ilin sentyabrında bu qrupun işinə yenidən baxacaq. Hakimiyyətə tövsiyə edilib ki, bu iclasa qədər həll olunmamış bütün məsələlər barədə məlumat verilsin.
Əgər o vaxta qədər, əsasən də diffamasiya ilə bağlı qanunvericilik düzəlişlərinə dair nəzərəçarpacaq irəliləyiş olmasa, Nazirlər Komitəsi aralıq qətnamə layihəsinə baxacaq.
Nazirlər Komitəsi "Anar Məmmədli qrupu Azərbaycana qarşı" işinə də baxıb.
Söhbət Azərbaycan vətəndaş cəmiyyətinin və mediasının yeddi nümayəndəsindən gedir: Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunus, mərhum Bayram Məmmədov və Qiyas İbrahimov. Onların barəsində Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələri pozulub.
Komitə ərizəçilərin hələ də bəraət almadıqlarını təəssüflə qeyd edib.
Komitə hakimiyyəti ərizəçilərin bəraət alması, onların mülki və siyasi hüquqlarının tam bərpası üçün səyləri təcili olaraq artırmağa çağırıb.
Bu ilin aprelində Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə yenidən həbs edilib. Onun işi yerli və beynəlxalq hüquq-müdafiə qurumlarının tənqidinə səbəb olub.
İclasda "Sarqsyan Azərbaycana qarşı" işinə də baxılıb. Bu iş Birinci Qarabağ Müharibəsi dövründə erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir.
2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, Azərbaycan ərizəçinin varislərinə kompensasiya ödəməlidir. Lakin bu qərar icra olunmayıb.
Nazirlər Komitəsi həmçinin Ermənistanın "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə qərarın hələ də icra edilmədiyini bildirib. Bu iş Laçın rayonundan keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına aiddir.