Bu, ölkədə genişmiqyaslı etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra baş verib
Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyasiyası dayandırılıb.
Bu barədə İttifaqın Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə keçirilən konfransda məlumat verib.
“Hazırda Gürcüstanın Avropa İttifaqına inteqrasiyası dayandırılıb”, - deyə o bildirib.
Herçinski yaxın 5 ildə Avropa İttifaqının genişlənməsinin yeni dalğası olacağına ümid etsə də, Gürcüstanın onun bir hissəsi olub-olmayacağından əmin olmadığını deyib.
O, seçkilərdən sonra yeni qurulan hökuməti kimin təyin etməsindən asılı olmayaraq, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işlərə başlayacaqlarına ümid etdiyini bildirib. Herçinskinin fikrincə, əks halda Aİ-nin Gürcüstanla münasibətləri bloka qoşulmaq hədəfi olmayan Tunis, Azərbaycan və Qazaxıstanla münasibətlərinə bənzəyəcək.
“Gürcüstan xalqı öz gələcək hökumətini seçməlidir. Gələcək hökumət də öz növbəsində xarici və Avropa İttifaqı ilə bağlı siyasəti barədə qərar verməlidir. Biz buradayıq, Gürcüstan namizəd ölkədir və gələcək hökumət Avropa İttifaqına daxil olmaqda maraqlı olarsa, kömək etməyə hazırıq.
Gürcüstanın gələcək hökuməti Avropa İttifaqına daxil olmaqda maraqlı olmasa, biz təbii ki, üzvlük olmadan da Gürcüstanla işləməyə və qarşılıqlı faydalı əlaqələrə hazır olacağıq. Bir çox digər qonşu ölkələrlə - Tunis, Azərbaycan, Qazaxıstanla belə işləyirik... Beləliklə, oktyabrın 26-da Gürcüstan və gürcülər Avropa İttifaqına qatılmaq istəyib-istəmədiklərinə, İttifaqın gələcəkdəki genişlənməsinin bir parçası olmaq istədiklərinə, yaxud gözəl ölkələri haqda başqa planları varsa, ona qərar verməlidirlər” - Herçinski bildirib.
Herçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 milyon avronun ayrılmasını da dondurub.
“Bu, yalnız ilk addımdır, Gürcüstan hökumətinə başqa yardımlar da azalacaq. Biz bu yardımı birbaşa vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq”, – o deyib.
“Xarici təsirin şəffaflığı haqqında” Qanun və ya Gürcüstanda onun əleyhdarlarının dediyi kimi, “Rusiya Qanunu” xarici təşkilatların reyestrinin yaradılmasını nəzərdə tutur. Burada söhbət illik büdcəsinin minimum 20 faizi xarici maliyyələşmədən ibarət olan QHT və medialardan gedir.
Bu il may ayının sonunda Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edərək sözügedən qanunu qəbul edib, iyunun 3-də isə sənədi parlamentin spikeri Şalva Papuaşvili imzalayıb. Qanunun müzakirəsi və qəbulu Tbilisidə kütləvi etiraz aksiyaları ilə müşayiət olunub, aksiya zamanı onlarla fəal saxlanılıb.
ABŞ qanunun qəbulunda iştirak edənlərə qarşı viza sanksiyaları tətbiq etdiyini açıqlayıb. Viza məhdudiyyətlərinin ilk siyahısına hakim “Gürcü arzusu” partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və Gürcüstanın sıravi vətəndaşları da daxil ediləcək. Çünki məhdudiyyətlər təkcə deputatlara və məmurlara deyil, onların ailə üzvlərinə də tətbiq olunacaq.
“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı bildirib ki, Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlər” haqqında qanun ölkəni repressiv rejimlərə yaxınlaşdıracaq. Hüquq müdafiəçilərinin fikrincə, qanun “vətəndaş fəaliyyətini və müstəqil medianı ləkələyəcək və hakimiyyətlərə işi ilə razılaşmadıqları qeyri-hökumət təşkilatlarını cərimələmək və ya başqa cür cəzalandırmaq üçün istifadə edə biləcəkləri yeni vasitələr verəcək”.