Ekspertlərin Çin istehsalı və iqtisadiyyatından “asılılıq”la bağlı narahatlıqlarına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatına Çin sərmayəsini cəlb etmək üçün Şərqə doğru baxır
Ötən həftə paytaxt Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Nümayiş Zonası - Azərbaycanda logistika və ticarətin təşviqi” konfransı keçirilib.
ŞƏT 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılan, 2015-ci ildən Azərbaycanın dialoq üzrə tərəfdaşı olduğu beynəlxalq ticarət və təhlükəsizlik təşkilatıdır.
Azərbaycan və Çin prezidentləri bundan əvvəl iyulun 4-də Astanada görüşərək iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib və birgə bəyannamə qəbul ediblər.
Si görüşdə Azərbaycan-Çin münasibətlərində “yeni başlanğıc nöqtəsi”nə toxunub və “Vahid Çin” siyasətini hər zaman dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. İclasla bağlı rəsmi Bakının açıqlamasında həmçinin qeyd olunub ki, liderlər ekstremizm və separatizmlə bağlı məsələlərdə razılaşdıqlarını bəyan ediblər.
Son illərdə rəsmi Bakı Azərbaycana daha çox Çin investisiyası cəlb edib. Sammitin açılışında dövlət mediası Pekində sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər xidmətlər üzrə ixtisaslaşmış 245-ə yaxın Azərbaycan şirkətinin, eləcə də Çin bazarına Azərbaycan məhsullarını təqdim edən altı “ticarət evi”nin fəaliyyət göstərdiyini bildirib.
2023-cü ilin sentyabrında Xankəndinin təslim olması və regionun erməni əhalisinin kütləvi şəkildə köçməsindən sonra tam olaraq Azərbaycanın nəzarətinə keçən Qarabağda fəaliyyət göstərmək üçün on Çin şirkətinin də müraciət etdiyi bildirilir.
“AzərTac” və digər dövlət KİV-lərinin dərc etdiyi məqalələrin fokusu Çinin daha çox Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan ərazisində həyata keçirilməsi haqqında olub.
Orta Dəhlizin əhəmiyyəti Rusiyanın Ukraynaya təcavüzündən sonra artıb, çünki Rusiya ərazisindən keçən ticarət və nəqliyyat yollarına alternativə çevrilib.
İyulun 5-də “AzərTac” xəbər verib ki, Çin Gürcüstan və Türkiyə üzərindən Aİ-yə çatdırılması üçün Xəzər dənizi vasitəsilə Qazaxıstandan Azərbaycana gəmilərlə yük maşınları daşımağa başlayıb.
İki ölkə arasında ticarət dövriyyəsi 2020-ci ildən etibarən davamlı olaraq artmaqdadır: 2021-ci ildə 1,4 milyard dollardan 2024-cü ildə 3,1 milyard dollara qədər.
İqtisadi əlaqələrdən başqa Çin Gürcüstan və Ermənistanda olduğu kimi, Azərbaycanda da akademik və mədəni varlığını təmin etmək üçün hərəkətə keçib.
Aprelin sonunda Bakı Araşdırmalar İnstitutu Çinin yerli universitetlərində hökumət tərəfindən maliyyələşdirilən proqramların Konfutsi İnstitutu ilə birlikdə 2011-ci ildən bəri Azərbaycandakı “qlobal yumşaq gücünün” böyüməsinin təfərrüatlarına dair esse dərc edib. Bu institutlar tez-tez Çinə casusluqda ittiham olunur.
“Çin kapitalından asılılıq”
Azərbaycan Çinin dominantlıq etdiyi bazara doğru yaxınlaşdığı bir vaxtda, ölkədəki bəzi ekspertlər Azərbaycanın tamamilə Çin kapitalından asılı ola biləcəyinə dair xəbərdarlıq ediblər.
İqtisadçı ekspert Rövşən Ağayev “OC Media”ya bildirib ki, Çinlə daha sıx iqtisadi əlaqələr Azərbaycanın öz iqtisadiyyatında durğunluq yarada bilər.
O, bildirib ki, Çin Azərbaycandan xam neft alıb təkbaşına emal etməklə benzin istehsalı sektorunda həmişə Azərbaycan üzərində dominant mövqedə qalacaq.
Ağayev həmçinin xəbərdarlıq edib ki, Çinlə daha dərin əlaqələr Azərbaycanı “sivil dünyadan təcrid edə bilər. Bu isə o deməkdir ki, Orta Dəhliz də Çin və Rusiyanın nəzarəti altında olacaq və çirkli pulların yuyulmasının miqyası şübhəsiz daha da böyüyəcək”.
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Azərbaycanda “demokratikləşmə üçün xaricdən gələn təzyiqlər fonunda” Bakının Çini seçəcəyi ehtimalından danışıb və əlavə edib ki, Bakı “daxili işlərinə qarışan müttəfiqləri sevmir”.
“Azərbaycan hökuməti Avropa İttifaqına neft və qaz satmaq, Əfqanıstana qoşun yeritmək, İraqa ordu göndərmək istəyir, lakin heç kim onun daxili siyasətinə qarışmamalıdır. Çin heç kimin daxili işlərinə açıq müdaxilə etmir. Bununla belə, Çin digər dolayı yolla tərəfdaşlarının daxili işlərinə qarışır”, – deyə Seymur Həzi bildirib.
ŞƏT ticari-iqtisadi əməkdaşlıqdan başqa, təhlükəsizlik və terrorla mübarizəyə də diqqət yetirir.
Çinin Azərbaycandakı səfirinin müşaviri Dinq Tao iyulun 5-də bildirib ki, təşkilat üzvləri “müdaxilə üçün real çağırışlara hazır olmalı” və “həmrəylik naminə qüvvələri birləşdirməlidir”.
“Biz kənar müdaxilələrə qarşı durmaq, qarşılıqlı maraqlar əsasında bir-birimizə qəti dəstək vermək, daxili fikir ayrılıqlarını dinc danışıqlar yolu ilə həll etmək və problemli əməkdaşlığı həmrəylik və tolerantlıq ruhunda idarə etmək üçün birləşməliyik”, – Çinin Azərbaycandakı səfirinin müşaviri Dinq Tao vurğulayıb.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz