Azərbaycanda müstəqil mediaya qarşı son repressiyalar zamanı həbs olunan jurnalistlər və fəallar xaricdən maliyyələşməyə qoyulan artan məhdudiyyətlərin fonunda valyuta qaçaqmalçılığında ittiham olunurlar.
Lakin onların ailələri ilə aparılan söhbətlər aşağı gəlirlərin və dolanmaq üçün mübarizənin mənzərəsini ortaya qoyur.
“Oğlum heç vaxt cinayətkar olmayıb”, – 60 yaşlı Mətanət Cabbar deyir. O, müstəqil internet portalı “Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutuna (IDI) basqın zamanı həbs olunan altı nəfərdən biri – Müşfiq Cabbarın anasıdır.
Əli Zeynal, Fərid İsmayılov, Elmir Abbasov, Ramil Babayev və İlkin Əmrahovla yanaşı, Müşfiq Cabbar da xarici valyuta qaçaqmalçılığında ittiham olunur.
“Oğlumla fəxr edirəm” – ana deyir. “Bəlkə mən kasıbam, varlı deyilik, amma ailəmlə, övladlarımla fəxr edirəm. Bu, mənim üçün böyük problem idi, ona görə də Müşfiqə qaçaqmalçı deyəndə bunun düz olmadığını söyləmək üçün qapını açıb qışqırmaq istəyirdim. Mənim üçün çətindir. Bu [ittihamın] oğluma aidiyyəti yoxdur”.
Mətanət Cabbar. "Amerikanın Səsi"ndən ekran görüntüsü
Anası “OC Media”ya deyib ki, Müşfiq həbs olunandan bəri ailənin maddi vəziyyəti daha da çətinləşib. Çünki o, atasına dərman alır, ailəni dolandırırdı. Jurnalistin atasının şəkərli diabeti, yüksək təzyiqi var, bir gözü görmür və əvvəllər ürək əməliyyatı keçirib.
M.Cabbar Sumqayıtda, Bakıdan təxminən 30 kilometr şimal-qərbdə yerləşən, martın əvvəlində polisin basqın etdiyi mənzildə yaşayırdı. Ailəsi isə yaxınlıqdakı qəsəbədə yaşayır.
Müşfiq Cabbar
“Hər həftə atasına dərman alırdı və hər həftə sonu zəng edirdi. Bizə baş çəkə bilməyəndə dərmanlarla maraqlanır və bazar günləri çatdırırdı”, – anası deyir. “Hər ay dərmana ən azı 500 AZN (290 dollar) xərcləyirdik”.
2023-cü ilin noyabrında başqa bir media orqanı olan “AbzasMedia”ya da polis tərəfindən basqın edilib. Media qurumunun direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər.
Aprelin 18-də parlamenti monitorinq edən “Məclis.info” platformasının rəhbəri İmran Əliyev də bu iş üzrə saxlanılıb. Barəsində 2 ay 1 gün həbs qətimkan tədbiri seçilən İ.Əliyevin Bakı Şəhər Baş Polis İdarəsində toka verilərək zorla sənəd imzalatdırıldığı bildirilib.
Aprelin 26-da İmran Əliyevə qarşı yeni ittiham irəli sürülüb. Media rəhbəri artıq Cinayət Məcəlləsinin 206.3.1 (Qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsi ilə də təqsirləndirilir.
Saxlanılan jurnalistlərin hamısı onlara qarşı irəli sürülən ittihamları rədd edərək həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.
“Hökumət kimisə həbs etmək istəyəndə səbəb tapacaq”
Müstəqil jurnalistlərin maliyyə pozuntusu ittihamı ilə həbs olunması Azərbaycanda yenilik deyil.
“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber “OC Media”ya bildirib ki, Azərbaycan hökuməti illərdir tənqidçilərini susdurmaq üçün qanunvericilikdən “pis niyyətlə sui-istifadə edib”.
“Onlar həmçinin QHT-lərin (qeyri-hökumət təşkilatlarının) müstəqilliklərini təmin edən yollarla özlərini maliyyələşdirməsini demək olar ki qeyri-mümkün edən qanunlar qəbul ediblər və bununla da bu qrupları qanun xaricində qoyublar və onları həbs olunmağa qarşı müdafiəsiz hala salıblar”, – Denber deyib.
“Çox sayda jurnalist, vətəndaş fəalları və siyasi müxalifət xadimləri əsassız şəkildə həbs edilib və onlara qarşı ittiham irəli sürüb”, – o əlavə edib. “Bunlar Azərbaycanın beynəlxalq insan hüquqlarına dair üzərinə götürdüyü öhdəliklərə zidd olan və COP29 [iqlim konfransı] üçün tamamilə uyğun olmayan ikrah doğuran təcrübələrdir”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “OC Media”ya bildirib ki, son on ildə jurnalistlər müxtəlif ittihamlarla saxlanılıb.
Məmmədli qeyd edib ki, azərbaycanlı jurnalist Əvəz Zeynallı 2022-ci ildə korrupsiya ittihamı ilə, “Toplum TV”nin hazırkı baş redaktoru Xədicə İsmayıl 2015-ci ildə vergidən yayınmaqda, jurnalist və müxalif siyasətçi Seymur Həzi isə 2014-cü ildə xuliqanlıq ittihamı ilə həbs edilib.
O əlavə edib ki, bu cür tədbirlər qrantları və QHT-ləri tənzimləyən qanunvericilik aktlarını iflic etməklə paralel tətbiq edilib və hökumətə öz tənqidçilərini hədəfə almaq üçün geniş imkanlar yaradıb.
“Hakimiyyət kimisə həbs etmək istəyəndə səbəb tapacaq”, – deyə Məmmədli bildirib.
2014-cü ildə Prezident İlham Əliyev qrant haqqında qanuna dəyişikliklərə dair qanun imzalayıb. Dəyişikliyə əsasən, hökumətin təsdiq etdiyi məhdud sayda qurum Azərbaycan təşkilatlarına və fiziki şəxslərə qrant vermək hüququna malikdir.
Keçmiş hüquqşünas Yalçın İmanov “Turan” müstəqil informasiya agentliyinə bildirib ki, qeyri-hökumət təşkilatları və qrantlar haqqında qanunlara edilən dəyişikliklər artıq standart maliyyələşdirmənin qaçaqmalçılıq kimi təsnif edilə biləcəyini nəzərdə tutur.
“Qrant vəsaitlərinin qaçaqmalçılıq nümunəsi kimi tanınması problemin həllinin hüquqi transformasiyaya deyil, absurd həddə çatdırıldığını göstərir”, – deyə İmanov bildirib.
O əlavə edib ki, Azərbaycanın azad mediası və müstəqil vətəndaş cəmiyyəti təşkilatları “mövcudiyyətinin yeganə təminatından məhrum edilib”.
Anar Məmmədli onu da qeyd edib ki, 2014-cü və 2015-ci illərdə qeyri-hökumət təşkilatlarını tənzimləyən bir sıra qanunlara dəyişiklik edildiyindən belə təşkilatların yaradılması və qeydiyyatı daha da mürəkkəbləşib.
“Qanunvericiliyə QHT-lərin qeydiyyatından sonra onların fəaliyyətinə təsir göstərə və aydın səbəblər olmadan fəaliyyətini dayandıra biləcək yeni sanksiyalar əlavə edilib. Yeni qanunvericilik QHT-lər üçün məhdudlaşdırıcı mühit yaradır”.
O əlavə edib ki, bir çox yerli və beynəlxalq donorlar dəyişikliklərdən sonra artıq Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları ilə işləyə bilmirlər. Səfirlik, “USAID” və Avropa İttifaqı proqramları bağlanıb və bu, Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarına ciddi təsir göstərib.
Anar Məmmədli əlavə edib ki, vəziyyəti düzəltmək üçün ciddi tədbirlər görülməyib, lakin problemin həlli “kompleks yanaşma” tələb edir.
“Hökumətyönlü QHT-lər də vəziyyətdən narazıdırlar”, – Məmmədli əlavə edib. “Onlar da bundan şikayətçidirlər”.
“Turan”a danışan İmanov əlavə edib ki, hakimiyyətin qaçaqmalçılıq işlərinə baxması, hətta iddiaları həqiqi olsa belə, tamamilə yersizdir.
“Jurnalistlərin və ya QHT nümayəndələrinin mənzillərindən tapılan nağd xarici valyutanın onlara məxsus olduğunu güman etsək belə, istintaq orqanlarının vəzifəsi bu məbləğlərin ölkəyə qaçaqmalçılıq yolu ilə keçirildiyini sübut etməkdir”, – deyə İmanov bildirib.
O, həmçinin hakimiyyətin hökumətyönlü media orqanlarında jurnalistləri və QHT əməkdaşlarını qaralamaq üçün istintaqın təfərrüatlarını açıqlayaraq qanunu pozduğunu bildirib.
“Bu, təqsirsizlik prezumpsiyası hüququnun və cinayət-prosessual qanunvericiliyin bir çox normalarının açıq şəkildə pozulması halıdır”, – deyə İmanov bildirib.
“Uşaqlarımı itirdiyim ölkədə niyə yaşayıram?”
İlkin Əmrahovun ailəsi də həbs olunmazdan əvvəl ondan asılı idi.
Onun atası Əyyar Əmrahov qeyd edir ki, 23 yaşlı İlkin iki övladının ən böyüyüdür və həbs olunmazdan əvvəl cəmi iki ay Demokratik Təşəbbüslər İnstitutunda (IDI) işləyib. Evə 400 manat (240 dollar) maaş gətirib.
“Qışda işləyə bilmədim. Anası şəkərli diabet xəstəsidir və yüksək qan təzyiqindən əziyyət çəkir. İlkin bakalavr təhsilini bitirib magistraturada təhsil almağa başlayanda yarımştat iş axtarırdı”. O, əlavə edib ki, oğlu “IDI”-də işə başlamazdan əvvəl akademik cəhətdən xeyli uğur qazanmışdı.
İlkin Əmrahov. Şəkil Topçubaşov Mərkəzindən götürülüb
Atasının dediyinə görə, İlkin əvvəllər dərslərdə iştirak etməyən tələbələrə yüksək qiymət verilməsinə etiraz etdikdən sonra universitet onun 180 manatlıq ($110) təqaüdünü kəsib. Bu üsul adətən rüşvət və ya korrupsiya ilə əlaqəli təcrübədir.
Əyyar Əmrahovun sözlərinə görə, İlkin orduda döyülüb yaralandıqdan sonra şizofreniya diaqnozu qoyulan qardaşı Şəhriyardan sonra eyni münaqişə ilə üzləşib.
“İlkin xəstəxanada ona baş çəkəndə Şəhriyarın həkimi mənə dedi ki, İlkini qardaşına baş çəkməyə qoyma, çünki o, həkimlərdən qanuna riayət etməyi tələb edir”, – deyə Əmrahov bildirib.
O əlavə edir ki, hər iki övladını itirdiyi bir ölkədə niyə hələ də qaldığını başa düşə bilmir.
“Mən Şəhriyar əsgərliyə gedəndə onu itirdim, indi ikinci oğlum həbs olunub. Biz İlkinlə fəxr edirik. O, həbs olunanda mən polisdən soruşmaq istədim ki, İlkindən ağıllısan?”, – Əmrahov deyir. “O, çox savadlı tələbədir. Hər sosial ədalətsizliyə səsini ucaldırdı”.
Martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı polis əməliyyat keçirib.
Media qurumu barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev əməliyyatlar çərçivəsində cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər.
Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunublar və polis nəzarətinə buraxılıblar.
Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Ələsgər Məmmədli həbs edildiyi gün onun mənzilində axtarış aparılıb, polis 7300 avro tapıldığını bildirib. Məmmədli bu pulun ona məxsus olmadığını deyir.
Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin dörd ay istintaq təcridxanasında saxlanılması barədə qərar verib. Martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Məmmədli xarici valyutanın qanunsuz yolla Azərbaycana gətirilməsində ittiham olunur.
“Toplum TV” kollektivi bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və baş verənləri müstəqil mediaya təzyiq kimi qiymətləndirib. Beynəlxalq insan haqları və jurnalist təşkilatları bu həbslərin siyasi motivli olduğunu bəyan edib və hakimiyyəti saxlanılan şəxsləri dərhal azad etməyə çağırıb.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.