Anar Məmmədli də “Abzas Media işi” üzrə saxlanılıb və qaçaqmalçılıqda ittiham olunur

Anar Məmmədli də “Abzas Media işi” üzrə saxlanılıb və qaçaqmalçılıqda ittiham olunur
30 Aprel 2024
Mətni dəyiş

Eyni iş üzrə başqa şəxsi müdafiə etdiyi üçün vəkili Elçin Sadıqovun heç bir istintaq hərəkətində iştirakına icazə verilməyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli də qaçaqmalçılıqda ittiham olunur.

Abzas Media-ya bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

SMDT ölkədə müstəqil seçki monitorinqi həyata keçirən yeganə təşkilatdır. Bundan əvvəl parlamentin fəaliyyətini monitorinq edən yeganə platformanın - meclis.info saytının rəhbəri İmran Əliyev eyni ittihamla həbs olunub.

A.Məmmədli aprelin 29 saxlanıldıqdan sonra onun yaşadığı evə və ata evinə baxış keçirilib. Sənədlər, kompüter və avadanlıqlar götürülüb. Ailəsi ehtimal edir ki, polis əməkdaşları evə pul da qoyub, sonradan “aşkarlayıblar”.

Anar Məmmədlinin vəkili Elçin Sadıqovun bu prosesdə iştirakı təmin edilməyib. Məlum olub ki, Məmmədli "Abzas Media işi" çərçivəsində saxlanılıb. Vəkil bu iş üzrə başqa şəxsin də vəkili olduğu üçün istintaq hərəkətlərində iştirakına icazə verilməyib.

Ancaq Elçin Sadıqov bunun qanunsuz olduğunu, bir vəkilin maraq toqquşması olmadığı halda iş üzrə bir neçə şəxsi müdafiə edə biləcəyini deyir.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı sayarsa, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun