Klinikanın sahibi: “Aydın həkim yaxşı həkimdir. İşdən çıxarılmayıb, özü çıxmağa qərar verib”
Bakıda fəaliyyət göstərən “İstanbul” klinikasının həkimi Aydın Əliyev əsassız olaraq işdən çıxarıldığını bildirir. O bu barədə Abzas Media-ya danışıb.
Həkim deyir ki, işdən çıxarılması yeznəsi, martın 9-da “Toplum TV işi” üzrə həbs edilən Ələsgər Məmmədli ilə bağlıdır.
Ələsgər Məmmədli “Toplum TV”nin təsisçisidir. İnternet televiziyasına polis əməliyyatından sonra açılan cinayət işi üzrə martın 8-də “İstanbul” klinikasından tibbi yoxlanışdan çıxan zaman saxlanılıb. Həmin klinikada həkim işləyən qaynı Aydın Əliyev isə saxlanma anının video-görüntüsünü yayıb.
Bundan sonra hökumətə yaxın mediada həm Aydın Əliyevi, həm də klinika rəhbərliyini hədəf alan yazılar dərc olunub.
Aydın Əliyevin sözlərinə görə, bu müddətdə klinika rəhbərliyi dəfələrlə ona bildirib ki, sən Ələsgər Məmmədli ilə bağlı paylaşım etməklə problem yaradırsan:
“Dedim qohumumdur. Qohumunu müdafiə etməyən insan sabah dövlətini də satacaq, xalqını da. Martın 12-də yenə danışdıq, dedi ki, birlikdə işləyə bilmərik, yollarımızı ayırmalıyıq, sabahdan işə gəlmə. Mən eşitməmişəm ki, normal bir dövlətdə işçiyə deyilsin ki, sabahdan işə gəlmə. İndiki bir vaxtda işsizlik çox çətin olacaq, artıq yeni iş axtarmağa başlamışam”.
Aydın Əliyev işdən çıxmaqla bağlı ərizə yazmadığını və hələlik hüquqi addımlar atmaqla bağlı qərarının olmadığını bildirib.
“İstanbul” Klinikasının sahibi Əziz Quliyev isə deyir ki, həkim işdən çıxarılmayıb. Onun sözlərinə görə, Aydın Əliyev işlərilə əlaqədar özü işdən çıxmaq istədiyini bildirib.
“Aydın həkim yaşı həkimdir. Onun haqda pis fikirdə deyiləm. İşdən çıxarılmayıb, o, özü çıkmağa qərar verib. Hazırda onun həyat yoldaşı Gülşən xanım klinikada öz işini davam etdirir. Aydın həkimə heç kim heç nə deməyib. Özünün də sözü olanda gəlib rəhbərliyə deyirdi. Nəsə sözü olmuş olsa, gəlib deyərdi. O, özü işdən çıxıb”, - Əziz Quliyev məlumatı təkzib edib.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, ölkədə əmək münasibətləri Əmək Məcəlləsilə tənzimlənir və heç kim yaxın qohumunun siyasi fəaliyyətinə görə işdən çıxarıla bilməz:
“Bu, diskriminasiya adlanır. Müəyyən bir səbəbdən işçinin izlənməsi sayılır. İşçiləri ən çox 70-ci maddənin C bəndi ilə işdən çıxarırlar. Yəni, vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmir. Digər maddələr də var. Mən çox narahatam ki, ona şifahi işə gəlmə deyib, sonradan işdə buraxdığı saatlara görə işdən çıxarmış olarlar. Həkim mütləq məhkəməyə, Ombudsmana və Əmək Müfəttişliyinə müraciət etməlidir” - Mirvari Qəhrəmanlı bildirib.