TƏBİB-in məlumatına görə, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı ümumilikdə 60 nəfəri keçib.
Dekabrın 19-da Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli məktəbində kütləvi zəhərlənmə olub.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin məlumatında bildirilib ki, məktəbin 2 sinfində qızdırıcı sobada tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.
TƏBİB-in yaydığı məlumatda isə qeyd olunub ki, dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 60-dan çox adam Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Zərərçəkənlər təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya, cərrahiyyə və yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər”, - məlumatda deyilir.
Bəs xüsusən əyalətlərdə təhsil ocaqlarının isidilməsi zamanı hansı üsullardan istifadə olunur və təhlükəsizlik tədbirləri nəzərə alınırmı?
“Abzas Media” bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət edib.
Sorğuya cavab olaraq bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin istilik təminatı mərkəzləşdirilmiş qaydada və ya müxtəlif vasitələrlə təmin edilir.
“Hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır”.
İstilik təminatı müxtəlif vasitələrlə həyata keçirilən zaman təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsilə bağlı sualımız isə cavabsız qoyulub.
Məsələ ilə bağlı Tovuz rayon Aşağı Quşçu kənd 1 saylı məktəbilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilməyib. Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə də əlaqə saxlamaq mümkün olmayıb.
Ancaq idarənin 60-dan çox adamın zəhərlənməsinə səbəb olan hadisə ilə bağlı açıqlamasında qeyd olunub ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb.