"Toplum TV işi" üzrə tutulanların həbs müddəti üçüncü dəfə artırılıb

"Toplum TV işi" üzrə tutulanların həbs müddəti üçüncü dəfə artırılıb Foto: sosial media
28 Dekabr 2024
Mətni dəyiş

Hakimlər “Toplumçu”lara danışmağa imkan verməyib, onları müdafiə nitqindən məhrum ediblər 

Dekabrın 27-də "Toplum TV işi" üzrə cəlb olunmuş 7 nəfərin həbs müddəti daha 3 ay uzadılıb. 

Bu barədə qərar Xətai rayon Məhkəməsində çıxarılıb.

Ayrı-ayrı keçirilən proseslərdə “Toplum TV işi” üzrə saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin həbs müddəti daha 3 ay - aprelin 6-dək uzadılıb.

Bununla bərabər, istintaq da eyni müddətdə uzadılıb. 

Təqsirləndirilən Ələsgər Məmmədlinin və Akif Qurbanovun vəkilləri bildiriblər ki, onlar məhkəmədə çıxış etmək istədikdə hakimlər sözlərini kəsib və ümumiyyətlə danışmağa imkan verməyib. Həbs edilənlərin və onların vəkillərinin bütün vəsatətləri isə bir qayda olaraq rədd olunub. 

Martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı əməliyyat keçirib. Elə həmin gün Daxili İşlər Nazirliyi quruma daxil olmuş operativ məlumat əsasında “Toplum TV” redaksiyasında və başqa ünvanlarda axtarış keçirildiyinə dair açıqlama yayıb.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb. Əksəriyyəti buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib. 

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun