Söyüdlü yatağı yenidən ekologiyanı çirkləndirən şirkətə verildi

Söyüdlü yatağı yenidən ekologiyanı çirkləndirən şirkətə verildi
27 Dekabr 2024
Mətni dəyiş

İlham Əliyevin yaratdığı komissiya tullantı gölündə sianid olduğunu təsdiqləsə də, biznes əlaqələri dayandırılmayıb

Dekabrın 27-də Milli Məclis “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”i ratfikasiya edib. Bu barədə Report İnformasiya Agentliyi yazıb. 

Qanun layihəsində qeyd olunub ki, saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb.

Şirkət kütləvi etirazlardan sonra hələ də polis nəzarətində saxlanılan kənddə işlərin aparılması üçün icazəni bu ilin avqustunda Azərbaycan hökumətindən alıb. Şirkətin icraçı direktoru Rza Vəziri bildirib ki, hökumət onlara tullantı bəndinin divarını qaldırmaq üçün də icazə verib. 

Ötən il iyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company Limited” kənddə zərərli kimyəvi tullantıların atılacağı ikinci göl yaratmaq istəyir. Buna etiraz edən sakinlər polis zorakılığına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyada iştirak edən 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. Onlardan aksiyada qaldırılan plakatları hazırlayan Coşqun Musayev avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

İyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üçün Komissiya yaradılıb.

İyulun 14-də yenə Baş nazirin qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və “Anglo Asian Mining”in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.

Sentyabrın 26-da Böyük Britaniyanın “Micon” International Co Limited şirkəti 2 ay müddətində Söyüdlüdə keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat açıqlayıb.

Hesabata əsasən, Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda sianid aşkarlanıb.

Bildirilib ki, şirkət Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsini ölçüb.

“Monitorinq zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.

Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər”, – Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib. 

Məlumatda o da bildirilib ki, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.

Torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə izah edib. Bununla belə,  “Micon” və  Azərbaycanın rəsmi dövlət qurumları analizlərin nəticələrini göstərən sənədləri ictimai yaymaqdan imtina edib.

“Micon” şirkəti ərazidə çalışan “Azerbaijan International Mining Company Limited”in (AIMC) 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı ilə işlədiyini və bunun yenilənməsinə ehtiyac olduğunu bildirib.

Söyüdlüdəki aksiyalardan bir ildən çox vaxt keçməsinə baxmayaraq, kəndə giriş-çıxış hələ də polis nəzarəti altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun