Deportasiya edilən fəallar narkotik və ya digər cinayət əməllərində ittiham olunmaq təhlükəsi ilə üzləşirlər
Mayın 2-də mülki geyimli bir qrup şəxs əlil fəal Famil Xəlilovun Bakının Sulutəpə qəsəbəsindəki evinə basqın edib. Həyat yoldaşı Kiçikxanım Xəlilova qolları tamamilə iflic olan Famili çimdirirmiş.
“Qapı döyüldü. Kiçik qızım qapını açdı, sonra gəlib dedi ki, çöldəki dayılar məni çağırır. Mən çıxanda özlərini polis kimi təqdim etdilər”, – Xəlilova “OC Media”ya bildirib.
O, həyat yoldaşını hamam otağından çıxardıqdan sonra dəhlizdə və evin ikinci mərtəbəsində qara paltarlı çoxlu adam görüb. Onlar bütün evi axtarmağa başlayıblar.
“Famili evdən həyətə sürüyüb apardılar. Daha sonra onu evə qaytarıb çəkiliş etdilər”, – Xəlilova deyib.
“Müstəntiq döş cibindən mavi salfet çıxarıb dedi ki, orada ağ nəsə var. Mən təkidlə onun bizə aid olmadığını dedim. Bizə kiçik bir paket göstərdilər və sonra Familin narkotik satdığını dedilər”.
Polis Xəlilovu və ailəsini bölməyə aparıb, orada onun telefonunun və kompüterinin şifrələrini tələb ediblər. Famil Xəlilov şifrələri verməkdən imtina etdikdə polislər onun səkkiz yaşlı qızını digər otağa aparıb və o, atasının telefonunu necə açdığını onlara göstərib. Xəlilova deyir ki, bundan sonra Famil istisna olmaqla, onların hamısı evə buraxılıb.
“Uşaqlarım qorxdular və evdəki stolun altında gizləndilər. Onların vəziyyəti heç kimi narahat etmədi. O gündən uşaqlarım qapını bağlı saxlayır, mən deyiləmsə, açmaqdan imtina edirlər. Onlar hələ də polisdən qorxurlar”, – Xəlilova “OC Media”ya bildirib.
“Oğlum məndən atası haqda soruşanda heç nə deyə bilmədim”
Xəlilov ailəsi ilə birlikdə Azərbaycanın Digah kəndində yaşayıb və 2015-ci ilin iyulunda humanitar dəstəyə ehtiyacı olan miqrant kimi İsveçə yerləşiblər.
İsveçdə yaşadığı müddətdə Xəlilov Azərbaycan hökumətini tənqid edib, etiraz aksiyalarına qoşulub. Buna görə də daha sonra bu ölkədə siyasi sığınacaq almağa çalışıb.
Famil Xəlilov (soldan beşinci) 2019-cu ildə Stokholmdakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyasında iştirak edir. Foto: sosial media
İsveç miqrasiya xidmətləri ilə səkkiz illik çəkişmədən sonra, 2023-cü ilin iyulunda ailə Azərbaycana deportasiya edilib.
“İsveçdən deportasiya edəndə dedilər ki, həyat yoldaşım əlil olduğuna görə bizə heç nə olmayacaq, Azərbaycanda heç kim bizi incitməyəcək. İsveç Miqrasiya Xidməti bizə bildirdi ki, Azərbaycan zəngin ölkədir və bizi rahat həyat gözləyir”, – Xəlilova “OC Media”ya bildirib.
Amma ölkəyə qayıdışının üzərindən bir il keçməmiş Xəlilovun evində axtarış aparılıb və o saxlanılıb.
“Polis bölməsində bir polis əməkdaşı məni təhqir etdi və soruşdu ki, niyə Familə ölkəmiz haqqında belə şeylər yazmağa icazə verdim”, – Xəlilova həyat yoldaşının saxlanılmasından dərhal sonra bildirib.
“O, əllərini tərpədə bilmir və onun üçün hər şeyi mən etmişəm. O, mənim köməyim olmadan su belə içə bilmir, amma barmaqları ilə sərbəst yazır. Polislər Famili tutanda məni təhqir etdilər, çünki sosial şəbəkədə onun yazılarını yazmağa kömək etdiyimi düşünüblər. Onun yazılarını özü yaza biləcəyinə inanmadılar”, – xanım Xəlilova əlavə edib.
Xəlilova həyat yoldaşının maddi ehtiyaclarını necə qarşılayacağını, habelə onun iflic əllərlə həbsxanada necə sağ qalacağını düşünməkdə çətinlik çəkib. O, atalarının yoxluğundan əziyyət çəkən övladları üçün də narahat olub.
“Oğlum məndən atası haqqında soruşanda heç nə deyə bilmədim. Atasının evə nə vaxt qayıdacağı ilə bağlı sualına cavab verə bilmədim”, – Xəlilova deyib.
2023-cü ilin mart ayında polisin saxladığı Famil Xəlilovun qolunda izlər. Foto: sosial media
Avqustun 15-də Famil Xəlilov ev dustaqlığına buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. 80 gündən çox vaxt keçəndən sonra Xəlilovun səhhəti kəskin pisləşərək ayaqları tutulub. Noyabrın 10-da o, aclıq aksiyasını dayandırıb. Noyabrın 28-də isə ev dustaqlığına buraxılacağı ilə bağlı verilən vədlərin yerinə yetirilməməsinin ardından Famil yenidən aclıq aksiyasına başlayıb. Nəhayət, dekabrın 3-də - həbsindən təxminən 7 ay sonra Xəlilov ev dustaqlığına buraxılıb. Onu hələ də narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə məhkəmə prosesi gözləyir.
“Bizə paltarlarımızı götürməyə belə icazə vermədilər”
Xəlilov son illərdə Qərb ölkələrindən deportasiya edilən azərbaycanlı fəallardan yalnız biridir.
2018-ci ildə fəal Samir Aşurov Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən etiraz aksiyasına qoşulub, fikirlərini sosial şəbəkədə paylaşıb. Həmin il Azərbaycan hökuməti onu iki dəfə həbs edib: birinci dəfə ictimai iğtişaşlara çağırış, ikincisi dəfə isə narkotik ittihamı ilə.
“Məhz bu zaman o, Azərbaycanda təhlükəsizlikdə olmadığını başa düşdü və ailəsi ilə Almaniyaya mühacirət etmək qərarına gəldi”, – Samirin həyat yoldaşı Nuranə Aşurova “OC Media”ya bildirib.
Onlar Bavariyanın kiçik Qrafenau şəhərinə köçüblər və burada ailə bir neçə məhkəmə iclasında iştirak edib. Onlara bildirilib ki, Azərbaycan demokratik ölkə olduğu üçün sosial şəbəkələrdə fikir paylaşdıqlarına görə onları heç kim həbs etməyəcək.
Samir Aşurov. Foto: sosial media
Onların yaşayış icazəsi üçün müraciətləri ikinci dəfə rədd edildikdən sonra Aşurov 35 gün ərzində miqrasiya mərkəzinin qarşısında təkbaşına aksiya keçirib.
Aşurova deyir ki, ailə yenidən siyasi qaçqın kimi qeydiyyatdan keçməyə cəhd edəndə onlar rəsmilərə həyat yoldaşının Azərbaycanda necə işgəncələrə məruz qalması ilə bağlı hər hansı yeni sənəd təqdim etməyiblər, çünki o zamana qədər artıq üç ildir Almaniyada yaşayırlarmış.
Onların status istəyi yenidən rədd edilib və növbəti apellyasiya cəhdindən sonra 2023-cü ilin martında Azərbaycana deportasiya ediliblər.
“Martın 29-da paltarlarımızı götürməyə belə icazə vermədilər. Samir köynəkdə, əlləri isə qandallı idi. Almaniya polisi onun əllərini Bakı Hava Limanına çatmağımıza cəmi yarım saat qalmış açdı. Almaniyadan dörd polis əməkdaşı bizi Bakıya qədər müşayiət etdi. Biz çatanda Azərbaycan polisi Samiri üç saata yaxın dindirdi və bundan sonra bizi buraxdılar”, – Aşurova deyib.
Bundan iki gün sonra Aşurov polisə çağırılıb və 4 saata yaxın miqrant alveri ilə bağlı dindirilib.
Həyat yoldaşının sözlərinə görə, ailəni dəfələrlə naməlum avtomobillər və mülki geyimli polislər izləyib. Bir neçə dəfə yaşayış yerlərini dəyişiblər, amma heç nə kömək etməyib.
“Samir hər dəfə evdən çıxanda sonuncu dəfəymiş kimi bizimlə vidalaşırdı”, – Aşurova “OC Media”ya danışıb.
Martın 31-də Aşurov ilk dəfə həbsdən çıxandan sonra mətbuata verdiyi açıqlamada siyasi baxışlarına görə həbs olunduğunu deyib. Az sonra, aprelin 5-də Müsavat Partiyasının üzvü Əziz Məmiyev həbs olunanda Aşurov polis maşınının qarşısını kəsməklə onların diqqətini daha çox cəlb edib.
“Aprelin 19-da Samir atasına baş çəkməyə getdi və bir-iki saatdan sonra mənə mesaj yazdı ki, evə gəlir. Mən ondan uşaqlara şirə almasını xahiş etdim, o isə “yaxşı” dedi. Bundan sonra zənglərə və mesajlara cavab vermədi”, – Aşurova danışır.
Onun həyat yoldaşı ərzaq mağazasının qarşısındaca həbs edilib.
Nuranə Aşurova Tbilisidəki evində. Foto: Aytən Fərhadova/OC Media.
İttihama görə, Aşurov 2022-ci ilin aprelində Bakının Nizami rayonu ərazisində Elşən Nəbiyev adlı şəxsi küçədə bıçaqlamaqda təqsirləndirilib.
“OC Media” Şəki rayon İcra Şöbəsinin rəisi Məzahir Məmmədov və Nəbiyevin vəkili Nazim Mehdiyevlə danışdıqdan sonra öyrənib ki, Nəbiyevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb və polis hazırda onu axtarır. Onun harada olduğu bilinmir.
Aşurov 2023-cü ilin dekabrında məhkəməyə verdiyi ifadəsində bildirib ki, həmin gün bir nəfər ona hücum edib və o, qışqırıb kömək istəyərək qaçmağa çalışıb. Amma mülki geyimdə olan polis əməkdaşları onun cibinə bıçaq qoyaraq həbs ediblər. O, Nəbiyevi tanımadığını da deyib.
Məhkəmə verdiyi ifadələrə baxmayaraq, Aşurovu xuliqanlıq və silahdan, yaxud silah qismində hər hansı əşyadan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilib. O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Onun günahını sübut edən heç nə yoxdur”
Almaniyada mühacirətdə yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı “OC Media”ya bildirib ki, Samir Aşurovdan başqa Almaniyadan Azərbaycana deportasiya edilən və sonra Azərbaycanda narkotik alveri ittihamı ilə həbs olunan ən azı altı nəfəri tanıyır.
Onlardan biri Emin Məlikov 2023-cü ilin martında Almaniyanın xüsusi ruhi xəstəliklər klinikasından birbaşa Azərbaycana deportasiya edilib.
Vəkil Fəxrəddin Mehdiyev “OC Media”ya bildirib ki, Məlikov Azərbaycana qayıtdıqdan cəmi bir həftə sonra saxlanılıb. O əlavə edir ki, 2023-cü ilin dekabrında Məlikov narkotik satmaqda ittiham olunub və sonradan 6 il müddətinə azadlıqdan məhrum edilib.
“Onu dövlətin təyin etdiyi vəkil müdafiə edib və həmin vəkil heç vaxt məhkəmənin iddialarından şikayət verməyib”, – Mehdiyev deyib.
Mehdiyev Məlikovun işindən apellyasiya şikayəti verəndə bildirib ki, “günahı sübuta yetirilmədiyi üçün ona bəraət verilməlidir”.
O, sonuncu dəfə Məlikovla 2023-cü ilin dekabrında şəxsən görüşüb.
“Onun səhhəti yaxşı deyildi, həbsxananın xəstəxanasında saxlanılırdı. Eyni zamanda, başına gələnlərin bir çoxunu xatırlamırdı. O, ruhi xəstəlikdən əziyyət çəkir”, – Mehdiyev deyib.
Digər deportasiya edilən müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mütəllim Orucov Almaniyadan geri göndərildikdən üç ay sonra, 2021-ci ilin oktyabrında həbs edilib. İttihamlar yenə də narkotik ticarəti ilə bağlı olub.
Mütəllim Orucov (sağdan birinci) Almaniyadakı digər azərbaycanlı müxaliflərlə birlikdə Azərbaycan bayrağını tutur. Foto: Elvin Orucov
Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc o dövrdə yerli mətbuata bildirmişdi ki, Orucovun ailə üzvlərindən heç kim onunla əlaqə saxlamayıb və Azərbaycana deportasiya olunanların ailə üzvləri komitəyə müraciət etsələr, onların hüquqlarını müdafiə edərlər.
Orucovun oğlu Elvin Orucov “OC Media”ya deyib ki, Zahid Orucun köməkçisi vasitəsilə komitə ilə əlaqə saxlayıb, lakin heç bir cavab almayıb.
Almaniya azərbaycanlı dissidentlərin ən çox mühacirət etdiyi ölkələrdən biridir. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatına görə, 2014-2024-cü illər arasında 1952 nəfər, 2023-cü ildə isə 233 nəfər bu ölkədən Azərbaycana deportasiya edilib.
“OC Media” ölkədən Almaniyaya gedən Azərbaycan vətəndaşlarının statistikasına aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlasa da, cavab ala bilməyib.
Əfqan Muxtarlının sözlərinə görə, Azərbaycan hökuməti 28 fevral 2014-cü ildə Avropa İttifaqı ilə imzalanmış readmissiya sazişinə əməl etməlidir; oxşar sazişlər Norveç, İsveç, Serbiya və Monteneqro ilə ayrıca imzalanıb. Bu müqavilələr Azərbaycanın üzərinə müəyyən öhdəliklər qoyur, o cümlədən geri qaytarılan vətəndaşların əsassız olaraq hədəfə alınmasını qadağan edir.
O qeyd edib ki, deportasiya edilən şəxsin sonradan Azərbaycanda saxlanılıb-saxlanılmaması onların xaricdə olarkən siyasi fəaliyyətlə məşğul olub-olmamasından asılıdır.
Vəkil Fariz Namazlı “OC Media”ya bildirib ki, narkotik ittihamını digər ittihamlarla müqayisədə “sübut etmək” daha asandır və yalnız şahid ifadəsi tələb olunur.
O, hökumət əleyhdarlarının narkotik alveri ilə bağlı etiraflarının tezliyini izah edərkən istintaq orqanlarının tez-tez məhbuslardan hədə-qorxu və işgəncə yolu ilə “etiraflar” aldıqlarını vurğulayıb.
“Axtarış aparıldıqda şəxsin üzərindən narkotik aşkar edildiyi və həmin şəxsin narkotiki ya tapdığını, ya da naməlum şəxsdən aldığını “etiraf etdiyi” hallarda, bu etirafların necə əldə edildiyi aydın olur”, – Namazlı deyib.
“Bu səbəbdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamların irəli sürülməsi halları praktikada geniş yayılıb”.
Samir Aşurovun həbsindən sonra həyat yoldaşı Nuranə övladları ilə birlikdə yeni həyata başlamaq ümidi ilə Gürcüstanın paytaxtı Tbilisiyə üz tutub.
Noyabrın 29-da Gürcüstan Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti onların sığınacaq üçün müraciətini rədd edib. Nuranə Aşurova qərardan apellyasiya şikayəti versə də, qalib gələcəyinə ümid etmir və Azərbaycana qayıtmaq məcburiyyətində qalacağı təqdirdə təhlükəsizliklərinin təmin olunacağına əmin deyil.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.