"Meydan Tv"nin 5 jurnalisti və 2 media əməkdaşı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

"Meydan Tv"nin 5 jurnalisti və 2 media əməkdaşı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib Foto: meydantv
8 Dekabr 2024
Mətni dəyiş

Bakıda bütün müstəqil jurnalistlər ard-arda həbs edilir, medialar qapadılıar, onlar barəsində qarayaxma kampaniyası aparılır

Dekabrın 8-də "Meydan Tv"nin 5 jurnalisti və 2 media əməkdaşı barəsində həbs qətimkan tədbirinin seçilməsilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. 

Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən proseslərdə jurnalistlər Ayac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Jurnalist Ramin Dekoya qarşı xüsusi zorakılıq göstərilib. O, məhkəməyə gətirilərkən də, aparılarkən də əli arxan qandallı olub. Polislər onun başını aşağı basaraq aparıblar.

Aysel Umudovanın vəkili Aqil Layıc  isə bildirib ki, Umudova həm Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan zaman, həm də saxlanma yerində səhhətində problem yaranıb və Təcili Tibbi Yardım çağrılıb. O, məhkəmədə də özünü pis hiss etdiyini bildirib.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini peşəkar jurnalist fəaliyyətlərilə əlaqələndirirlər. Ülvi Tahirov da verilən ittihamları qəbul etməyib. Tahirov qeyd edib ki, o sadecə jurnalist Aynur Elgünəşin ailəvi dostudur, Meydan TV ilə heç bir əlaqəsi yoxdur.

"Meydan Tv"nin əməkdaşları və Ülvi Tahirov dekabrın 6-də fərdi fəaliyyət göstərən müstəqil jurnalist Ramin Dekonun saxlanılmasından sonra müxtəlif yerlərdə tutularaq polisə aparılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Ramin Deko qaçaqmalçılığa görə saxlanılıb, digər jurnalistlər də araşdırma çərçivəsində cəlb olunub. Ancaq sonradan saxlanılan jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

"Meydan Tv" bəyanat yayaraq jurnalistlərə qarşı iddiaları rədd edib: "Məqsəd ölkədə müstəqil və alternativ media qurumu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır və bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik", – deyə media qurumunun bəyanatında qeyd olunub. 

Hadisələrdən dərhal sonra “Sərhədsiz reportyorlar”, "Jurnalistləri Müdafiə Komitəsi", "Freedom Now" kimi beynəlxalq təşkilatlar bəyanat yayaraq həbsləri pisləyiblər və jurnalistlərin azadlığa buraxılmasına çağırıblar. 

Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist "qaçaqmalçılıq" ittihamı ilə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edib və hökumətə çağırış edərək jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun