Sərvər Mahmudov dövlətin aztəminatlı ailələr üçün nəzərdə tutduğu heç bir imtiyazdan yararlana bilmir
"4 nəfərlik ailəyik, yoldaşımla mən və 2 məktəbli uşağımız. Evimizin yeganə gəliri mənim 345 manatlıq maaşımdır. Dolanmaq mümkün deyil".
Bu sözləri Yevlax rayon Malbinəsi kənd sakini Sərvər Mahmudov deyir. Onun sözlərinə görə, dolanışıqları çox çətindir, buna baxmayaraq, dövlət yardımları, müxtəlif proqramlar üçün etdikləri bütün müraciətləri rədd edilir.
"Sosial yardım üçün müraciət göndərirəm, deyirlər yoldaşın işləməlidir. İndi iş var? Kənddə yaşayıram, iş hardadır? Məşğulluq deyir ki, gəlib rayonda süpürgəçi işləsin. 300-350 manat maaş deyir, elə ayda 150 manatı gedəcək yolpuluna. Borcun içində batırıq. Borc yiyələri qapıya dayanır, məcbur kreditə girib borcları qaytarıram", - deyə o bildirir.
Sərvər Mahmudov deyir ki, həyat yoldaşı Nərgiz Mahmudova 2020-ci ildə Yevlax rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınıb. Ancaq 2 il sonra işsiz kimi qeydiyyata durması ilə bağlı sənədləri tapılmayıb.
"Hansı ki, yoldaşımın əlində işsiz kimi qeydiyyata düşməsilə bağlı bildiriş var.
2022-ci il yanvarın 11-də Özünüməşğulluq proqramına cəlb edildi. Təklif olundu ki, kənddə yaşadığımız üçün bizə heyvanlar verilsin. 2024-cü ilin sentyabrında həyətyanı ərazimizdə yoxlanış aparılandan sonra yoldaşım kurslara cəlb olundu.
Ancaq bir müddət sonra rayon Məşğulluq İdarəsinin müdiri mənə zəng edib dedi ki, siz 2019-cu ildə aktivlərlə təmin oluduğunuz üçün həyat yoldaşınız kurslardan kənarlaşdırılır. Məsələ burasındadır ki, o vaxt mənə 500-600 manatlıq 2 baş inək vermişdilər. Heç biri süd vermirdi. Xeyir götürmək əvəzinə mənim onlara xərcim çıxırdı. Bala da vermədilər. Hətta süni mayalanma da etdik, yenə balaları olmadı. Axırı məcbur qalıb satdım. İndi bunu bəhanə edib yoldaşımı proqrama salmırlar. Bu qanunsuzdur", - deyə Sərvər Mahmudov bildirib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə ünvanladığımız suallar cavablandırılmayıb.