“Onun nə vecinə mənim malım qalıb xarab oldu, olmadı”
“İmkan yoxdur dolanaq. Mənə prezident gətirib beh verən deyil ki. Əziyyət çəkməliyəm də. Qazanmalıyam”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Keşlə” bazarında söküntü işlərinin 2025-ci il fevralın 1-nə qədər təxirə salındığı bildirilib. Dünənə qədərsə satıcılara yanvarın 1-nədək bazardakı malları çıxarmaq və ərazini təhvil vermək tapşırılmışdı. Bazarda fəaliyyət göstərən icarədarlarsa bu qərardan narazı idilər.
Onlar bu müddətin bazardan çıxmağa kifayət etməyəcəyini bildirir bir neçə ay möhlət istəyirdilər. Bazarın sökülməsinə səbəb yeni avtomobil yolunun tikintisidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, artıq ərazidə yeni yolun salınmasına start verilib. Agentlikdən əlavə edilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilsə də, onlar təhvil-təslimi gecikdiriblər. Son xəbərdarlıq isə yaxın zamanda edilib.