İlham Əliyev 64 yaşına 331 siyasi məhbusla girir

İlham Əliyev 64 yaşına 331 siyasi məhbusla girir
24 Dekabr 2024
Mətni dəyiş

Bu gün Prezident İlham Əliyev 63 yaşını qeyd edir. 42 yaşında hakimiyyətə gələn Əliyev artıq 21 ildir ölkəyə rəhbərlik edir. O, bu müddət ərzində iqtidarda qalmaq üçün Azərbaycan Konstitusiyasına bir neçə dəyişiklik edib.

Hakimiyyətdə olduğu müddətdə keçirdiyi iki referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, İlham Əliyev eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətini, yaş senzini aradan qaldırıb, prezidentlik müddətini 5 ildən 7 ilədək uzadıb. Həmçinin vitse-prezident vəzifəsi təsis edib. Bundan sonra 2017-ci ildə həyat yoldaşı Mehriban Əliyevanı ölkənin vitse-prezidenti təyin edib.

İlham Əliyev Azərbaycan müstəqillik qazanandan sonra ən uzun hakimiyyətdə olan prezidentdir. O, sonuncu dəfə bu il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirərək vəzifəsinin müddətini daha 7 il  uzadıb.

Əliyev hakimiyyətdə olduğu müddətdə ölkədə informasiya əldə etmək, QHT-lər və qrantlar, siyasi partiyalar haqqında qanunlara məhdudlaşdırıcı dəyişiklik edilib, media haqqında yeni qanun qəbul edilib.

2014-cü ildə QHT-lər və qrantlarla bağlı qanunlara edilən əlavə və dəyişiklikliklərdən sonra ölkədə fəaliyyət göstərən xeyli sayda QHT-yə vergi cinayəti açılıb. Nəticədə bəzi təşkilatların ofisləri möhürlənib, bir neçə şəxs həbs edlib.

İlham Əliyevin hakimiyyəti dövründə KİV, Telekommunikasiya, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunlara edilən dəyişiklik mətbuata təzyiqlərin artmasına yol açıb.

2015-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişiklik internet informasiya resurslarının məhkəmə qərarı olmadan bağlanmasına yaşıl işıq yandırıb. Ölkədə “Azadlıq Radiosu”, “Azadlıq qəzeti”, “Meydan TV”, “Abzas Media” saytlarına giriş bloklanıb.

2022-ci il fevralın 8-də “Media haqqında” Qanun qanun qəbul edilib. Yeni qanunla media subyektlərinin və jurnalistlərin informasiyaya çıxış imkanları daha da məhdudlaşdırılıb.

İlham Əliyevin iqtidarda olduğu müddətdə həm də onun tənqidçiləri, müxalif partiyalar təzyiqlərə məruz qalıb. Partiyaların ofisləri əllərindən alınıb, regionlara səfərlərinin, sərbəst toplaşma azadlıqlarının qarşısı alınıb. Müxalifətin ən son sanskiyalaşdırılmlş mitinqi 2019-cu ildə keçirilib.

2023-cü ildə Siyasi partiyalar haqqında Qanuna edilən dəyişikliklər bu təzyiqləri daha da artırıb. Dəyişikliklərin qəbulundan sonra ölkədə mövcud olan 58 siyasi partiyadan yalnız 26-sı qalıb. 

İlham Əliyevin hakimiyyətdə olduğu illərdə prezidentə parlamenti buraxmaq səlahiyyəti verilib. Polis, bələdiyyələr haqda və digər qanunlara dəfələrlə müzakirə və etirazlara səbəb olan dəyişikliklər edilib.

Tənqidçilərin fikrincə, İlham Əliyevin hakimiyyətdə olduğu bu müddət ərzində qəbul edilən və dəyişdirilən qanunlar Azərbaycanda siyasi avtoritarizmin güclənməsi və ölkənin daha da qapadılması siyasətinə xidmət edib.

İlham Əliyev 2003-cü ildə atasından hakimiyyəti təhvil alandan sonra intensivləşən siyasi həbslər son illərdə ən pik həddə çatıb. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra tənqidçi media və vətəndaş cəmiyyəti ağır repressiyalara məruz qalıb.

2023-cü ilin noyabrından başlayaraq ölkədə müstəqil mediaya, vətəndaş cəmiyyətinə qarşı təzyiq dalğası geniş vüsət alıb, 100-ədək jurnalist, vətəndaş cəmiyyəti üzvü, hüquq müdafiəçisi, siyasi-ictimai fəal, dindar müxtəlif ittihamlarla həbs edilib.

Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti bu təqibləri siyasi motivli hesab edib, Azərbaycan hakimiyyətini ədalətsiz həbs olunanları azad etməyə, onlara qarşı ittihamları geri götürməyə çağırıb. 

Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 331 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və hər kəsin qanun qarşısında bərabər olduğunu bəyan edir.

Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının media azadlığı indeksində 180 ölkə arasında 164-cü yerə düşüb və təkcə Çin, Şimali Koreya, Türkmənistan və Əfqanıstan kimi ölkələri qabaqlaya bilib.

“Freedom House” insan haqları təşkilatının illik "İnternet azadlığı 2024" hesabatında Azərbaycan 100 ballıq reytinq sistemində 34 xalla "qeyri-azad" ölkələr sırasında yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun