“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı qlobal antikorrupsiya çempionu elan edilib.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bəyanat yayıb. Bəyanat Dövlət Departamentinin rəsmi saytında dərc edilib.
Blinkenin bəyanatında bildirilir ki, korrupsiya demokratik idarəçiliyi zəiflədir, hökumətə olan etimadı sarsıdır və inkişafı ləngidir. Buna görə də ABŞ Dövlət Departamenti xarici siyasətin prioritetləri və əsas milli təhlükəsizlik maraqları kimi dürüstlük, şəffaflıq və hesabatlılığı təşviq edir.
“BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının (UNCAC) qəbulundan və ABŞ-da ratifikasiyasından bəri Amerika Birləşmiş Ştatları beynəlxalq antikorrupsiya öhdəliklərinin icrasında lider mövqedədir.
ABŞ 2021-ci ildə Antikorrupsiya Çempionları Mükafatını təsis edərək korrupsiya ilə mübarizədə qeyri-adi addımlar atan fərdləri tanımaq və bu qəhrəman tərəfdaşlarla həmrəyliyini nümayiş etdirmək məqsədini güdmüşdür.
Bu gün - Beynəlxalq Antikorrupsiya Günü münasibətilə biz 10 Antikorrupsiya Çempionunu elan edirik. Bu şəxslər həmvətənləri üçün daha ədalətli və şəffaf dünya yaratmaq məqsədilə islahatlar, araşdırmalar həyata keçirib və ya dəstəkləyiblər. Biz hesabatlılıq, qanunun aliliyi, şəffaflıq və mətbuat azadlığı uğrunda mübarizə aparan hər kəsi yüksək qiymətləndiririk.
Bu il mükafat alanlar arasında Kolumbiyadan Xorxe Mora Kortes, Nepaldan Matriko Daha, Albaniyadan Altin Duman, Ermənistandan Srbuhi Qalyan, Livandan Karl İrani, Qambiyadan Marr Nyang, Panamadan Xavyer Enrike Karaballo Salazar, Qazaxıstandan Didar Smaqulov, Uqandadan Cimmi Spayr Sentonqo və Azərbaycandan Sevinc Vaqifqızı var.
Biz korrupsiya ilə mübarizədə bu cür çempionlarla birgə çalışmaqdan qürur duyuruq. UNCAC-ın və digər beynəlxalq antikorrupsiya və yaxşı idarəçilik çərçivələrinin məqsədlərinə nail olmaq üçün tərəfdaşlarla əməkdaşlığımızı davam etdirəcəyik” – ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatında qeyd edilib.
Sevinc Vaqifqızı 2023-cü il noyabrın 21-də “Abzas Media işi” çərçivəsində həbs edilib. Onunla birlikdə media qurumunun daha 5 əməkdaşı da həbs edilib. Jurnalistlər qaçaqmalçılıqda ittiham edilirlər. Onlar ittihamları qəbul etmir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.