Təqdimatda ABŞ dövlət katibi Entoni Blinken Rüfət Səfərovun boş qalmış oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirib
10 dekabr İnsan Hüquqları Günü ABŞ Dövlət Departamenti Bakıda həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu mükafatlandırıb.
İlin ən cəsarətli hüquq müdafiəçilərinə verilən mükafata Azətbaycandan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov layiq görülüb.
Mükafatın təqdimetmə mərasimində çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, bu mükafat Rüfət Səfərovun təkcə şəxsi uğuru deyil, həm də cəsarət və prinsipiallıqla barışmaz mübarizənin təntənəsidir.
"Rüfət Səfərov dövlətin təzyiqlərinə, həbsxana qapılarına və sistemin təmsil etdiyi ədalətsizliyə qarşı çıxdı. Onun mübarizəsi sadəcə şəxsi haqqının qorunması deyil, bütün xalqın azadlıq və bərabərlik uğrunda mübarizəsidir.
Onun bu yolda atdığı hər bir addım cəsarət, öz prinsiplərinə sadiqlik və heç bir qorxuya boyun əyməməyin təcəssümüdür”.
Rüfət Səfərovun hekayəsini danışan dövlət katibi hüquq müdafiəçisinin həbsindən sonra ictimaiyyətə göndərdiyi bu müarciətini səsləndirib: "Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir".
Blinken əlavə edib ki, mükafat Rüfət Səfərovun azadlıq və insan haqları uğrunda apardığı mübarizəsini dünyaya tanıtmaqdır. Dövlət katibi deyib ki, Rüfət Səfərovun bu mərhələdəki mübarizəsi, sadəcə bir fərdin mücadiləsi deyil, dünyada haqqın və ədalətin hökm sürməsi uğrunda aparılan bir döyüşdür.
"Fikir verdiyiniz kimi, bu səhnədə oturacaqların biri boşdur. Bu yer Rüfət Səfərova məxsusdur - bir neçə dəqiqə öncə haqqında danışdığım azərbaycanlı insan hüquqları müdafiəçisi.
Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi.
Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini də azad etməlidir.
Saxlanılmasından sonra Rüfətin adından paylaşılan sosial media postunda o, bunları bildirib: “Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir.” - VOA Blinkenin mərasimdəkı çıxışından sitat gətirib.
Rüfət Səfərov 2024-cü ildə dünya üzrə bu mükafata layiq görülən 8 hüquq müdafiəçisindən biridir.
Bu günlərdə araşdırmaçı jurnalist, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) ABŞ Dölət Departamentinin antikorrupsiya mükafatına layiq görülüb.
Ötən ilin noyabrından Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin və ümumilikdə ictimai-siyasi fəalların kütləvi həbsi həyata keçirilir. Onlara qarşı əsasən "qaçaqmalçılıq" olmaqla, Cinayət Məcəlləsinin müxtəlif maddələrilə ittihamlar irəli sürülür.
Həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları qondarma və siyasi hesab edir.