“Azərbaycan banklarında kredit faizləri qane eləmir. Çox yüksəkdir. Elə ona görə də heç kimə kredit götürməyi məsləhət görmürəm”.
“Ümumiyyətlə heç kreditin olmamağını istəyərdim. Maaşlar o qədər güclü olsun ki, insanlar kreditə oturmasınlar”.
Azərbaycanda banklardan götürülən kreditlərin illik faiz dərəcələrinin yüksək olması vaxtaşırı müzakirə olunur. Vətəndaşlar faizlərin yüksək olmasından şikayətlənir.
Hələ 2015-ci ildə prezident İlham Əliyev imzaladığı fərmanda Mərkəzi Banka tapşırmışdı ki, ölkədə kommersiya banklarının təklif etdiyi kreditlər üzrə faiz dərəcələri aşağı salınsın. Amma ötən müddət ərzində banklar kredit faizlərini nəinki aşağı saldılar, əksinə daha da qaldırdılar. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin dekabr ayında çıxartdığı məhkəmə qərarlarından birində 2022-ci ildə vətəndaşa 35 ay müddətinə 800 manatlıq istehlak kreditininin 27 faizlə verildiyi qeyd olunur.
Mərkəzi Bankın məlumatına görə, əhaliyə manatda verilən kreditlərinin orta faiz dərəcəsi 16 faizdən bir qədər çox olub. Banker.az bu ilin əvvəlində yazırdı ki, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Bu tipli kreditlər Avropa Birliyi ölkələrində 4-14 faiz dərəcəsi ilə verilir. Bu ilin sentyabrında istehlak kreditləri üzrə ən yüksək faiz dərəcəsi məişət kreditlərində qeydə alınıb - 25%. Kredit kartları vasitəsilə verilən kreditlər 24%, yaşayış sahəsinin təmiri ilə bağlı 16%, avtomobil kreditləri 12%, digər kreditlər isə 20% təşkil edib.