Dekabrın 17-də “AbzasMedia işi” üzrə həbsdə olan jurnalistlərin məhkəməsi başlayıb.
Jurnalistlərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
“Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə məhkəmənin hakim heyətinə etiraz edib.
Ancaq onların bununla bağlı vəsatətləri təmin edilməyib. Məhkəmə prosesini işıqlandırmağa gələn jurnalistlər iclas zalına buraxılmayıb.
Növbəti məhkəmə prosesi dekabrın 28-nə təyin edilib.
Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Bu il mayın 31-də isə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 maddə üzrə ittiham irəli sürülüb. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.