Xanımı: "Nicad İbrahim qanunsuz həbsinə etiraz olaraq qulaqlarını və boğazını kəsib"

Xanımı: "Nicad İbrahim qanunsuz həbsinə etiraz olaraq qulaqlarını və boğazını kəsib" Foto: Amerikanın Səsi
21 Noyabr 2024
Mətni dəyiş

İctimai fəal şərləndiyini israrla bildirir və prokurorluğun bununla bağlı müraciətlərini araşdırmadığını deyir 

Həbsdə olan ictimai fəal Nicad İbrahimin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında qulaqlarını və boğazını kəsdiyi bildirilir. 

"Abzas Media"ya bu barədə ictimai fəalın həyat yoldaşı Pərvin İbrahim məlumat verib. O, bildirib ki, noyabrın 21-də Nicad İbrahim zəng edib və qanunsuz həbsinə etiraz olaraq belə bir addım atdığını deyib. 

"Nicad qanunsuz həbsinə, istintaqın gedişinə etiraz olaraq qulaqlarını və boğazını güzgü parçası ilə kəsib. Çoxlu qan itirib, boğazı şişib. Kəsilən yerlərə çoxlu tikiş qoyublar. Vəziyyəti yaxşı deyil, hər dəfə bizimlə danışanda vidalaşır. Heç bir günahı olmadan cinayətdə ittiham edilib orada saxlanılmağına dözümü qalmayıb. Özü də deyib ki, ya mən buradan çıxıb gedəcəm, ya da meyidim çıxacaq. Mən burada qalmayacam", - deyə Pərvin İbrahim qeyd edib. 

O, həmçinin bildirib ki, həyat yoldaşı şərlənməsilə bağlı prokurorluğa müraciət etsə də, müraciətinə baxılmır. 

Nicad İbrahim sentyabrın əvvəllərində Bakıda həbs olunub. Buna qədər o, Azərbaycan polisini tənqid edən fikirlər paylaşıb. Əvvəlcə onun ölkədən çıxışına icazə verilməyib, bir neçə gün sonra isə baş vermiş hadisə çərçivəsində saxlanıldığı məlum olub. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. “Abzas Media” məsələ ilə bağlı DİN-ə sorğu ünvanlasa da, cavab ala bilməyib.

Nicad İbrahim bundan əvvəl də dəfələrlə müxtəlif ittihamlarla həbs olunub. O, sonuncu dəfə 2021-ci ildə karantin qaydalarını pozmaq ittihamı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun