Sərhədsiz Reportyorlar həbsdəki jurnalistlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Sərhədsiz Reportyorlar həbsdəki jurnalistlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib Foto: Mikroskop Media
12 Noyabr 2024
Mətni dəyiş

Dünya üzrə hasil olunan neftin üçdə ikisinin mətbuat azadlığının ciddi təhdid altında olduğu ölkələrdə çıxarıldığını vurğulayan təşkilat "Abzas Media" və Toplum Tv də daxil olmaqla 10-dan çox jurnalistin “Kürdəxanı” təcridxanasında pis rəfttara məruz qaldığını və alçaldıcı həbs şəraitində saxlanıldığını bəyan edib

Sərhədsiz Reportyorlar Təşkilatı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı – COP29-a ev sahibliyi edən Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb.

Noyabrın 11-də yayımlanan bəyanatda COP29-un təbii sərvətlərlə zəngin, lakin azad və müstəqil mətbuata qarşı sərt təzyiqləri ilə tanınan Azərbaycanda start götürdüyü bildirilib.

“Məhdudiyyətlər, fiziki zorakılıq, həbslər: gəlirinin 90 faizdən çoxunun neft və qaz ixracından əldə edildiyi Azərbaycanda ətraf mühit kimi həssas mövzuları işıqlandıran jurnalistlər çox təhlükəli şəraitdə çalışırlar. Son bir il ərzində hakimiyyət jurnalist fəaliyyəti səbəbindən təxminən on beş jurnalisti həbs edib. Hazırda həbsdə olan on üç media işçisindən biri – Nərgiz Absalamova da ətraf mühit məsələlərini araşdırırdı”, – deyə bəyanatda qeyd edilib.

Təşkilat vurğulayıb ki, jurnalistikanın, xüsusilə də ekoloji jurnalistikanın müdafiəsində nümunə olmaq BMT-nin iqlim konfransına ev sahibliyi üçün ön şərt olmalıdır.

“Müstəqil jurnalistləri həbs edən bir neft ölkəsinin qlobal iqlim dəyişikliyinin gələcəyini müəyyən edəcək danışıqlara ev sahibliyi etməsinə necə razı ola bilərik?”, – deyə RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Janna Kavelye bildirib.

Sərhədsiz Reportyorlar Təşkilatı beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən həbsdə olan jurnalistləri azad etməyə, mətbuat azadlığının kobud pozuntularına son qoymağa və müstəqil jurnalistikanı müdafiə etməyə çağırıb. Qeyd edilib ki, Azərbaycanda neft və mədən hasilatının fəlakətli ekoloji, sağlamlıq və iqlim nəticələrini işıqlandırmaq jurnalistlər üçün xüsusilə çətin və təhlükəlidir.

“2023-cü il noyabrın 30-dan bəri “xarici valyuta qaçaqmalçılığı” ilə bağlı uydurma ittihamlarla həbsdə olan Nərgiz Absalamova ölkədə qalan azsaylı müstəqil media orqanlarından biri olan “Abzas Media” üçün çalışıb. O, 2023-cü ilin iyun ayında Söyüdlü kəndində qızıl mədəninin tikdiyi kimyəvi tullantılar gölündən təsirlənən yerli sakinlərin etirazlarını işıqlandırmışdı. Sakinlər mədən fəaliyyətindən yaranan sianid və arseniklə çirklənmiş suların toplanması üçün nəzərdə tutulmuş yeni süni göl layihəsinə qarşı etiraz edirdilər. Polis dinc nümayişi sərt şəkildə dağıdaraq, Nərgiz Absalamova da daxil olmaqla üç jurnalisti zorla kənddən uzaqlaşdırıb. Onun həmkarı Elməddin Şamilzadə isə daha sonra təhdid və işgəncələrə məruz qalaraq telefonunun şifrəsini açmağa və etirazlardan çəkilmiş şəkilləri silməyə məcbur edilib”, –  bəyanatda qeyd edilib.

Əlavə edilib ki, “Abzas Media”nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vagifqızının mütəmadi olaraq bildirdiyi kimi,  qurumun altı əməkdaşı, eləcə də Toplum TV daxil olmaqla digər müstəqil media orqanlarının səkkiz jurnalisti “Kürdəxanı” təcridxanasında pis rəftara məruz qalır və ya alçaldıcı həbs şəraitində saxlanılır. 12 ilədək həbs cəzası təhlükəsi ilə üz-üzə qalan Absalamovaya ailəsi ilə görüş imkanı verilmir.

Bəyanatın sonunda RSF-nin yaydığı son qlobal təhlilə istinadən qeyd olunur ki, dünya üzrə hasil olunan neftin üçdə ikisi mətbuat azadlığının ciddi təhdid altında olduğu ölkələrdə çıxarılır. O da vurğulanıb ki, ətraf mühit jurnalistikasının sərt şəkildə basqıya məruz qaldığı klassik bir hasilat dövləti nümunəsi olan Azərbaycan Sərhədsiz Reportyorlar Təşkilatının 2024-cü il üzrə Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun