“Rəisin otağına çıxaranda, rəis salfetlə qanlı əllərini silirdi. Qayıtdı ki, bu, Mehdinin qanıdır. İndi onu döymüşəm”. Binə sakini Mehdi Rzayev bu il aprelin 5-də Xəzər rayonu polisi tərəfindən qanunsuz silahdaşıma və narkotik satışı ittihamı ilə həbs edilib. Onu kömək üçün getdiyi mənzildə təmizlik edən qadınlarla birlikdə saxlayıblar.
Ailəsi deyir ki, Mehdinin saxlanılması barədə onlara yalnız 6 saat sonra xəbər verilib. Bu müddətdə isə o, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində şiddətli işgəncələrə məruz qalıb. Mehdinin anasının sözlərinə görə, ittihamlar oğlunun boynuna zorla qoyulub. Ailə bildirir ki, polis şöbəsindəki işgəncə faktı ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova, Ombudsman Aparatına, Baş Prokurorluğa şikayət etsələr də, nəticədə onlara Mehdiyə heç bir işgəngə edilmədiyi deyilib.
Onlar deyirlər ki, Mehdi Binə qəsəbəsində narkotik satışına etiraz etdiyinə görə polisin qəzəbinə tuş gəlib.