Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadəni dərhal azad etməyə çağırır. O, may ayından bəri valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdə saxlanılır.
Oktyabrın 30-da “Azadlıq Radiosu”nun prezidenti Stiven Kapus bəyanat yayaraq Mehralızadənin azadlığa buraxılmasına çağırış edib. İqtisadçının təhlükəsizliyini təmin etmək məqsədilə onun sözügedən nəşrdəki araşdırmaları müəllif qeyd edilmədən dərc olunub.
Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib ki, Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda ən azı 15 jurnalist uzunmüddətli həbs cəzası ilə üz-üzədir.
“Fərid Mehralızadənin işi bir daha göstərir ki, tənqidi mövqeyə sahib olan şəxslərin ölkədə davam edən təzyiq dalğasına məruz qalması necə absurd dərəcədə asandır. Azərbaycan hökuməti COP29 öncəsi Mehralızadə və digər ədalətsiz həbs edilmiş jurnalistləri azad etmədiyi təqdirdə, beynəlxalq ictimaiyyətin qınağı ilə üzləşməlidir”, – deyə Gülnoza Səid əlavə edib.
Bu il mayın 30-da hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları Bakıda Fərid Mehralızadəni küçədə saxlayıb başına torba keçirərək avtomobilə mindiriblər. Polislər onun evindən kompüterini, mobil telefonlarını götürüblər, eyni zamanda avtomobilini də müsadirə ediblər.
İyunun 1-də Xətai rayon Məhkəməsi korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinə qarşı açılmış valyuta qaçaqmalçılığı işi çərçivəsində Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın altı jurnalisti də hazırda həbsdə məhkəməyə çıxarılacaqları günü gözləyir. Həm “Abzas Media”, həm də Fərid Mehralızadə onun bu nəşr üçün çalışdığını təkzib edib.
Mehralızadə Azərbaycanda bloklanmış və 2014-cü ildən bəri xaricdə fəaliyyət göstərən “Azadlıq Radiosu” üçün iqtisadi mövzuları işıqlandırırdı. Onun həyat yoldaşı Nərgiz Muxtarova Jurnalistləri Müdafiə Komitəsinə bildirib ki, Fəridin jurnalistika fəaliyyəti və hökumət siyasətini tənqid edən müstəqil media müsahibələrinə görə həbs olunduğuna inanır.
Ötən ilin noyabrından etibarən “Abzas Media”nın 6 əməkdaşı “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub.
Bu ilin avqust ayında hakimiyyət orqanları Mehralızadə və “Abzas Media” jurnalistlərinə qarşı yeddi yeni iqtisadi cinayət ittihamı irəli sürüb. Bu ittihamlarla jurnalistlər 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.
Onlar Azərbaycanla Qərb arasında münasibətlərin pisləşdiyi və Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə Qərbdən maliyyələşdikləri iddiası ilə mühakimə olunan 14 jurnalist arasında yer alırlar.
Jurnalistlərdən ikisi polis nəzarətində şərti azadlığa buraxılıb, köşə yazarı və politoloq Bəhruz Səmədovun barəsində isə vətənə xəyanət ittihamı ilə həbs qətimkan tədbiri seçilib