7 aydır həbsdə saxlanılan sayt rəhbəri məhkəmənin haqsız qərarına və səhhətindəki problemlərlə bağlı lazımi müayinə və müalicənin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib
“Meclis.info” platformasının rəhbəri İmran Əliyevin istintaq dövrü üçün həbs müddəti daha 3 ay uzadılıb.
“Abzas Media”ya bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, noyabrın 18-də Xətai Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə müstəntiq Toğrul Hüseynovun həbs müddətinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib. Beləliklə, İmran Əliyevin həbs müddəti fevralın 19-dək uzadılıb.
Elə həmin gün Bakı Apellyasiya Məhkəməsində İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsiylə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayətə də baxılıb. Vəsatət təmin edilməyib.
Yaxınları bildirib ki, İmran Əliyev məhkəməyə gətirilərkən halsız olub və səhhətində problem olduğunu deyib. O, 15 kilo arıqladığını və belindəki kəskin ağrılara görə yeriməkdə çətinlik çəkdiyini də əlavə edib.
İmran Əliyev məhkəmənin haqsız qərarına və səhhətindəki problemlərlə bağlı lazımi müayinə və müalicənin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib.
“Meclis.info” platforması Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri İmran Əliyevin məhz buna görə cəzalandırıldığını bildirirlər.
İmran Əliyev həm “Abzas Media işi”, həm də “Anar Məmmədli işi” üzrə təqsirləndirilir.
O, aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.
İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.
İmran Əliyev polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub. Konfransda prezident Əliyevə İmran Əliyevlə bağlı sual verilib. İlham Əliyev jurnalistlərin həbsini təsdiqləsə də, bunun qanunsuz olmadığını deyib.
Prezidentə verilən bu sualdan bir neçə saat sonra İmran Əliyevə qarşı CM-nin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsilə yeni, daha ağır ittiham irəli sürülüb.
Bir çox yerli və beynəlxalq təşkilatlar İmran Əliyevi siyasi məhbus kimi tanıyıb və hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.