"ICDR" və Forum 2000 siyasi məhbusların azadlığa buraxılmasını tələb edir

"ICDR" və Forum 2000 siyasi məhbusların azadlığa buraxılmasını tələb edir Foto: Forum2000
13 Noyabr 2024
Mətni dəyiş

Demokratik Yenilik Uğrunda Beynəlxalq Koalisiya və Forum 2000 Fondu Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən narahatlıq keçirdiyini bəyan edib

Hər iki qurumun BMT-nin İqlim Konfransı – COP29-un açılışı ilə bağlı yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti vəkillərə, jurnalistlərə, fəallara və hüquq müdafiəçilərinə qarşı repressiyaları vətəndaş cəmiyyətini iflic vəziyyətə salacaq həddə çatdırıb.

“Ölkədə ağır şərait, pis rəftar və hətta zorakılıqla üzləşən 300-dən çox siyasi məhbus var. Hüquq və məhkəmə sistemi vətəndaş cəmiyyətinə qarşı təzyiqləri yüngülləşdirə biləcək müstəqilliyə malik deyil. Bu əziyyətlə üzləşənlər arasında Anar Məmmədli, Bəhruz Səmədov, Akif Qurbanov və Qubad İbadoğlu ilə yanaşı, Demokratik Yenilik Uğrunda Beynəlxalq Koalisiya və Forum 2000 şəbəkəsinin üzvləri də var”, – deyə bəyanatda vurğulanır.

Həm fond, həm də koalisiya bəyan edib ki, Avropa Şurası və BMT-nin qınaqlarına baxmayaraq, Azərbaycan hökuməti beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur. 

Hökumət müxalifətə qarşı repressiyasını davam etdiyi bir vaxtda proqressiv imicini nümayiş etdirmək üçün COP29 kimi yüksək səviyyəli beynəlxalq tədbirlərdən istifadə edir.

Bəyanatda Azərbaycan hökumətindən siyasi məhbusların azadlığa buraxılması, vətəndaş cəmiyyəti, media və qeyri-hökumət təşkilatlarının fəaliyyətini hədəfə alan qanunların beynəlxalq qanunlara uyğunlaşdırılması, Avropa Məhkəməsinin Məmmədli qrupu ilə bağlı qərarını və qətnamələrin tam olaraq tətbiq olunması, cinayət işlərinin araşdırılması üçün müstəqil beynəlxalq işçi qrupuna şəraitin yaradılması, işgəncə hallarının qarşısının alınması üçün BMT və Avropa Şurasının monitorinq mexanizmi ilə əməkdaşlıq tələb olunub.

Beynəlxalq təşkilatlara isə siyasi motivlərlə həbs olunan şəxslərin məhkəmə proseslərində iştirak etmək, onların ailələrinə dəstək vermək çağırışı edilib.

Avropa Şurasının Nazirlər Kabineti və AŞPA-ya edilən müraciətdə isə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməmək tövsiyə olunub. Sonda isə COP29-da iştirak edən ölkələrin nümayəndə heyətlərindən siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hökumətinə açıq çağırış etmək tələb olunub.

Qeyd edək ki, Demokratik Yeniləşmə Uğrunda Beynəlxalq Koalisiya avtoritar rejimlərin güc və təsirinin genişləndirilməsi və eyni zamanda demokratik sistemlərin daxildən zəiflədilməsinini tədqiq edən ziyalı, fəal və siyasətçilərdən ibarət qlobal təşəbbüsüdür. Vaslav Havel İrsini davam etdirən Forum 2000 Fondu isə demokratik dəyərləri, insanhaqlarına hörməti, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini, eləcə də dini, mədəni və etnik dözümlülüyü təbliğ edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun