Fransa XİN: "Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır"

Fransa XİN: "Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır" Foto: sosial media
20 Noyabr 2024
Mətni dəyiş

İlham Əliyevin COP29-da Avropa və Fransaya qarşı sərt çıxışı ilə əlaqədar Azərbaycanın Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub

Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

Fransa XİN-in məlumatında qeyd olunur ki, Abdullayeva rəsmi Bakının COP29-dakı "qəbul edilməz" şərhlərinə görə dəvət olunub. Məlumatda xatırladılıb ki, sırf bu çıxışlara görə fransalı rəsmilərin Bakı səfəri ləğv edilib. 

"COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin BMT-nin bu konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasından sonra səfir Fransa Xarici İşlər Nazirliyinə dəvət olunub. 

Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır", - sənəddə deyilir. 

Noyabrın 11-12-də Bakıda COP29-un açılış mərasimi və liderlər sammiti baş tutub. Sammitdə çıxış edən prezident İlham Əliyev bir sıra Qərbi Avropa ölkələrini ikiüzlülükdə, riyakarlıqda ittiham edib. Bununla bərabər, o, Fransanı Karib dənizi və Sakit Okean regionundakı dəniz ərazilərinin sərvətlərini talan etməkdə, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqlarının haqlarını tapdamaqda ittiham edib.

“Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub”, - Əliyev bildirib və Fransa hakimiyyətini “bütün siyasi məhbusları azad etməyə” çağırıb.

Bundan sonra Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe COP29 tədbirlərində iştirak üçün Azərbaycana gəlməkdən vaz keçib. 

O, noyabrın 13-də Fransa Parlamentində çıxışında bildirib ki, prezident Əliyevin çıxışını eşitdikdən sonra baş nazirlə və ölkə prezidenti Emmanuel Makronla razılaşdıraraq COP29-da iştirakını ləğv edib. 

"Əliyevin COP29-un açılış mərasimində Fransa və Avropa ilə bağlı şərhləri qəbuledilməzdir. Ölkəmizə, onun institutlarına və ərazilərinə birbaşa hücumlar əsassızdır. 

Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədən təhrikçi şəxsi məqsədləri üçün istifadə edir. Bu hücumlar BMT-nin İqlim Dəyişiklikləri haqqında Çərçivə Konvensiyasının Davranış Məcəlləsinin kobud pozuntusudur. Onlar cavabsız qalmayacaq", - deyə o əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun