Sevinc, Elnarə və Nərgiz onlara qarşı təzyiqlər dayandırılmasa, aclıq aksiyasına başlayacaqlarını deyirlər
“Abzas Media”nın bir ildir əsassız ittihamlarla həbsdə saxlanılan jurnalistləri Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Elnarə Qasımovanın Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalmaları barədə yeni detallar məlum olub.
Bu barədə “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, təcridxanadan Sevinc, Elnarə və Nərgizlə canlı görüş veriləcəyi bildirilsə də, noyabrın 16-da problemlə üzləşiblər. Ailələri saatlarla görüş otağında gözləməyə məcbur qalıblar. Yalnız onların etirazından sonra jurnalistləri görüşə gətiriblər.
Sevinc Vaqifqızının ailəsi bildirir ki, jurnalist görüşə gətiriləndə biləyində iri göyərtilərin, baş və orta barmaqlarında damarların partlaması nəticəsində qaralmaların olduğunu görüblər.
Sevinc Vaqifqızı ailəsinə Nərgiz Absalamova və Elnarə Qasımovada da eyni xəsarət izlərinin olduğunu bildirib.
O deyib ki, noyabrın 14-də axşam saatlarında Nərgiz Absalamova saxlanıldığı kameranın nəfəsliyinin bağlanmasına etiraz edib. Bu zaman Şəhla adlı nəzarətçi jurnalisti ağır sözlərlə təhqir edib. Mübahisəyə reaksiya verən Sevinc Vaqifqının etirazından sonra onun da kamerasının nəfəsliyini bağlayıb. Sonradan nəzarətçilər bütün kameraların nəfəsliyini bağlayıblar və bunun təcridxana rəisi Elnur İsmayılovun xüsusi tapşırığı olduğunu bildiriblər.
“Abzas Media”nın həbsdəki baş redaktoru qeyd edib ki, kameralarda epilepsiya xəstələri və hamilə qadınlar var. Nəfəslik bağlandığına görə bir müddətdən sonra onlar nəfəs darlığından əziyyət çəkməyə başlayıblar, bəzilərinin isə halları pisləşib.
Bundan sonra jurnalist qapıları döyəcləyərək nəfəsliklərin açılmasını tələb edib. Onun bu etirazına digər kameralarda saxlanılanlar da qoşulublar.
Nəzarətçi Starşina Əzizə Məmmədova Sevincin nəfəsliyini açaraq ona qışqırıb. Jurnalist qolunu nəfəslikdən çölə çıxararaq onun bağlanmasına mane olmağa çalışanda isə nəzarətçi nəfəsliyin qapısını bağlayaraq onun qolunu sıxıb. Sevinc bildirib ki, hətta içəridə havasızlıqdan əziyyət çəkənlər var və nəfəslik açılmayınca qolunu oradan çəkməyəcək.
Əzizə Məmmədova eyni zorakılığı Nərgiz Absalamovaya da edib və onun çiynindən itələyib, qolundan sıxıb. Həmçinin həmin nəzarətçi jurnalisti təhdid edib.
Bundan sonra kameraların nəfəslikləri açılıb. Sevinc bildirib ki, onun və Nərgizin qollarındakı göyərti və xəsarət izləri bundan sonra yaranıb.
Sevinc Vaqifqızı əlavə edib ki, növbəti dəfə Elnarə Qasımova və Nərgiz Absalamova onun kamerasına yaxınlaşıb görüşmək istəyəndə Aynur Heydərova adlı nəzarətçi onlara hücum edib. Jurnalistin sözlərinə görə, nəzarətçi Nərgizi çiynindən itələyib. Onun çiynindəki göyərmələr isə bunun nəticəsidir.
Sevinc bildirib ki, məsələ bununla da bitməyib. Bu hadisədən sonra Vahid adlı nəzarətçi məhbuslara hədə-qorxu gələrək Elnarə Qasımova əleyhinə məcburi ifadə yazdırıb və onun nəzarətçini vurduğunu gördüklərini qeyd etmələrini tələb edib.
Sevinc Vaqifqızının sözlərinə görə, bununla Elnarə Qasımovanı provokasiyaya çəkmək və onun barəsində yeni cinayət işinin açılmağına nail olmaq istəyirlər.
Sevinc əlavə edib ki, Vahid adlı nəzarətçi oradakı digər məhbusları təhdid edir və özlərini yaxşı aparmasalar axırlarının jurnalistlər kimi olacağını deyir.
Baş redaktorun sözlərinə görə, COP29-a görə təcridxanaya Lənkərandan əlavə qüvvə gətirilib ki, çaxnaşma olarsa dərhal qarşısı alınsın.
Sevinc Vaqifqızı qeyd edib ki, Nərgiz Absalamovaya qarşı da təxribat yaradılır və digər məhbuslara ailələri ilə açıq görüşün ona görə verilmədiyi deyilir.
Bu qərarların arxasında 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun dayandığını deyən baş redaktor əlavə edib ki, vəkili Aqil Layıcla bədənindəki xəsarət izlərini, göyərtiləri görməsin deyə görüşə icazə verilməyib.
O bildirib ki, təzyiqlər jurnalistlərin təcridxana barəsində qanunsuzluqları işıqlandırması ilə bağlıdır və bununla onları susdurmağa, çəkindirməyə çalışırlar.
“Abzas Media”nın həbsdəki baş redaktoru vurğulayıb ki, onlara qarşı təzyiqlərə son verilməsə, aclıq aksiyasına başlayacaqlar.
Sevinc Vaqifqızının ailəsi bildirir ki, jurnalist görüş zamanı onlara bu məlumatları çatdıranda otaqdakı nəzarətçilər mane olmağa çalışıb, hətta onlardan biri Sevincə hücum etmək istəyib.
Qeyri-iş günü olduğuna görə məsələ ilə bağlı Penitensiar Xidmətdən və 1 saylı Bakı İstintaq Təcridxanasından münasibət öyrənmək mümkün olmayıb.
Bundan əvvəl "Abzas Media"nın direktoru Ülvi Həsənli də təcridxanada ölümlə hədələnib və zorakılığa məruz qalıb. Belindən xəsarət alan jurnalistin şikayətlərini isə yerli məhkəmələr rədd edib.
Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunublar.
Bu il mayın 31-də isə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 maddə üzrə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.