Azərbaycanda hüquq mühafizə orqanlarının tez-tez baş çəkdiyi dövlət orqanlarından biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. İkinci Qarabağ Müharibəsindən bu günə qədər Səfərbərlik Xidmətində çalışan onlarla vəzifəli şəxs rüşvət almaqda ittiham olunaraq həbs edilib. Xidmət rəisi və digər vəzifəli şəxslər isə işdən çıxarılıb.
Təkcə son 2 ildə Xidmətin 218 əməkdaşı müxtəlif növ məsuliyyətə cəlb olunub. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib. Ancaq qurumun başının üstünü almış qara buludların arasında ulduzu parıldayanlar da var. Onlardan biri də general-leytenant Mayıl Şahverdiyevdir.
Şahverdiyev uzun illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi vəzifəsində işləyib. 2017-ci ilin oktyabrında isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin olunub. 2018-ci ildə ölkə başçısının sərəncamı ilə general-mayor, 2021-ci ildə isə general-leytenant ali hərbi rütbəsi alıb. Haqqında danışdığımız Mayıl Şahverdiyev prezident İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun bacısı oğludur.
Solda Mayıl Şahverdiyev, sağda Şahverdiyevin prezident İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi olan dayısı Bəylər Əyyubov
Şahverdiyev tez-tez müharibədə həyatını itirən hərbçilərin yaxınları ilə görüşlərdə vətənə ləyaqətlə xidmət etməkdən danışır. Bəs illər keçdikcə vəzifəsində irəliləyən generalın özü necə, vətənə xidmət borcundan çıxa bilirmi?
Abzas Media-nın direktoru Ülvi Həsənlinin həbsindən əvvəl üzərində işlədiyi araşdırma Səfərbərlik Xidmətinin rəis müavini Mayıl Şahverdiyevin özəl biznesinin olduğunu, vergi öhdəliklərini isə pozduğunu aşkarlayıb.
Dövlət Vergi Xidmətinin məlumatından aydın olur ki, Şahverdiyev Mayıl Seminar oğlu 2011-ci ildən etibarən fiziki şəxs kimi vergi ödəyicisidir. O, qeydiyyatdan keçərkən Sabunçu rayonu, Məhsəti Gəncəvi ev 23A, mənzil 35 ünvanını fiziki şəxsin hüquqi ünvanı kimi göstərib. Mərkəzi Seçki Komissiyasının seçici siyahısı Mayıl Şahverdiyevin bu ünvanda qeydiyyatda olduğunu göstərir.
Qida Təhlükəsizliyi Agentliyinin rəsmi məlumatlarına görə, Mayıl Şahverdiyevə məxsus biznes obyekti Bakının Nizami rayonunda yerləşir. Bu, Çobanzadə küçəsi 2405-ci məhəllədə fəaliyyət göstərən “Ay işığı” şadlıq sarayıdır.
Eyni ünvanda həm də general-leytenanta məxsus “Ay işığı” restoranı fəaliyyət göstərir. Restoranın sahibinin Mayıl Şahverdiyev olduğunu Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatlar da təsdiqləyir. 2021-ci ilin martında agentliyin koronavirusun profilaktikası ilə bağlı apardığı monitorinqlər zamanı kafe restoran və çay evləri də olmaqla 14 ictimai iaşə müssisəsində kobud qanun pozuntusu aşkarlanır. Fəaliyyətində uyğunsuzluq və nöqsanlar ortaya çıxan bu müəssisələrdən biri də Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 2405 ünvanında yerləşən və fiziki şəxs Mayıl Seminar oğlu Şahverdiyevə məxsus “Ay işığı” restoranı olub.
Ay işığı şadlıq sarayı. Foto: shadliq.az
Ötən dövr ərzində general leytenantın biznesinə dövlətdən maliyyə dəstəyi də verilib. Hökumət 2020-ci ildə koronavirusdan iqtisadi zərər görən biznes sahibi kimi Mayıl Şahverdiyevə işçilərin əməkhaqqının bir hissəsinin ödənilməsinə köməklik göstərib.
General-leytenanta aid sərvət təkcə yuxarıda qeyd olunan şadlıq sarayı və restoranla bitmir. Hələ 2016-cı ildə paytaxtda törədilən bir oğurluq cinayətilə bağlı aparılan araşdırmalarda məlum olmuşdu ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26-da yerləşən mülk də Mayıl Şahverdiyevə məxsus olub.
Pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olan şəxslər o zaman hələ polkovnik rütbəsi daşıyan Şahverdiyevin mənzilindən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngini oğurlamışdılar.
Bizneslə məşğul olan dövlət qulluqçusu Mayıl Şahverdiyev fiziki şəxs kimi borc öhdəliklərini də dəfələrlə pozub. Belə ki, Dövlət Vergi Xidmətinin vergi borcları ilə bağlı portalına baxanda məlum olub ki, Mayıl Şahverdiyevin dövlətə 20 min manatdan çox vergi borcu var. Abzas Media bununla bağlı sorğu göndərəndən sonra, bu borc barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məhdudlaşdırılıb. Borc sıfırlanmasa da, generala məxsus obyektin qeydiyyat nömrəsini vergi xidmətinin portalına daxil edəndə borc artıq görünmür.
Ekran görüntüsü: Dövlət Vergi Xidməti
Mayıl Şahverdiyevin dövlət qulluqçusu olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışan dövlət qulluqçularının etik davranış qaydaları ilə ziddiyyət təşkil edir. Bu qaydalara əməl etmək dövlət qulluqçusunun əsas vəzifələrindən biridir.
Sənədin 3.13-cü maddəsi dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması üçün vəzifəyə təyin edilən dövlət qulluqçusunun üzərinə normativ hüquqi aktlarla tanış olmaq öhdəliyi qoyur. Dövlət qulluqçusu bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
Qanunların tələbləri isə etik davranış qaydaları ilə müqayisədə daha sərtdir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun 9.3.3-cü maddəsindəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedaqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Mayıl Şahverdiyev isə fiziki şəxs qismində birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Bu qanunun 5-ci maddəsində isə qeyd olunur ki, vəzifəli şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada vergitutma obyekti olan əmlakı barədə məlumatı çalışdığı dövlət qurumuna təqdim etməlidir.
“Dövlət qulluğu haqqında” qanunun 25-ci maddəsinə görə, yuxarıdakı tələblərə əməl etməyən dövlət qulluqçusu barəsində intizam tədbirləri görülür.
Bu tədbirlərə töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması və dövlət qulluğundan azad edilməsi daxildir.
Bəs Mayıl Şahverdiyevin işlədiyi dövlət qurumuna biznesi və əmlakı barədə məlumat veribmi və ya onun barəsində hər hansı intizam tədbiri görülübmü?
Abzas Media Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərdiyi bu suallara video dərc olunanadək cavab ala bilməyib.